Marneulinin keçmiş meri Temur Abazov dünən, 20
oktyabr tarixində öz Facebook səhifəsində paylaşım edib və
paylaşımda o, hüququ pozulan adamlara yardım təklif
edir.
Nəyin əsasında vətəndaşlara yardım təklif edir
bunu müəyyənləşdirmək üçün onunla telefon müsahibəsi yazdıq.
Abazovun dediyinə görə adamlar çox hallarda müxtəlif məsələlərlə
bağlı hansı müəssisəyə müraciət edəcəyini bilmir.
“Yardım deyəndə onu nəzərdə tutmuşam ki, əhaliyə qarşı
qeyri-qanuni və ya hansısa rüşvətxorluq halları olarsa sadəcə mən
onlara hansı struktura müraciət edəcəkləri ilə bağlı məsləhət verə
bilərəm. Elə hallar olur ki, mənə müraciət edirlər və öz
təcrübəmdən dolayı məsləhət verirəm ki, hara müraciət edə
bilərlər”, - Temur Abazov dedi.
Abazov paylaşımı Azərbaycan dilində yazıb:
“Əziz dostlar! Son vaxtlar mənə problemləri olan
insanlar çox yazır və onlara qarşı qeyri-qanuni işlər aparıldığını
deyirlər. Sizə kömək etmək mənim üçün xoşdur. Kimsə sizə qarşı
qanunsuz şəkildə davranarsa, mənə yazın. Mən hər kəsə qanun
çərçivəsində kömək etməyə həmişə hazıram. Hər kəs qanun
çərçivəsində işləməli və “Gürcü Arzusu”nun əleyhinə getməməlidir,
əgər əleyhinə gedən varsa, buyurun mənə bildirsin. Mən də hələlik
bir vətəndaş kimi indiyədək və indən belə də sizin qulluğunuzda
olmağa hazıram. Sizlər məni çox yaxşı tanıyırsınız və bilirsiniz
ki, mən sizləri çox sevirəm. Bilin ki, sizlərə kömək etmək mənim
üçün çox xoşdur və həmişə xoş olacaq”, - Temur
Abazovun paylaşımında yazılıb.
Abazovdan niyə “hamının qanun çərçivəsində işləməli olduğuna və
“Gürcü Arzusuna” qarşı çıxmamasına” aksent etdiyini soruşduqda belə
cavab verdi:
“Bu kimi hərəkətlər iqtidar partiyası tərəfindən olsa
belə mən kömək edəcəm. Ona görə ki, əgər hansısa qeyri-qanuni
hadisə baş verirsə hesab edək ki, “Gürcü Arzusuna” “vururlar”. Ola
bilər əhalidə belə təəssürat yaransın ki, “Gürcü Arzusunda” kimsə,
dövlət məmuru, qeyri-qanuni çalışır”, - Temur Abazov
dedi.
Qeyd edək ki, Temur Abazov 2017-ci ildə keçirilmiş yerli özünüidarə
seçkilərində Marneuli meri seçilmişdi. O, bu vəzifədə cəmi 8 ay
qala bildi. 2018-ci il, 14 iyun tarixində o, Marneuli sakini Elçin
Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftar ittihamı ilə
saxlanılmışdı. Abazov girov qarşılığında azadlığa buraxılsa da,
hadisə ilə bağlı istintaq hələ tamamlanmayıb.