Yaxınlarının sözlərinə görə, 24 yaşlı Bolnisi sakini şans oyunlarında uduzduğu üçün intihar edib
“Şans oyunu”un növbəti qurbanı Bolnisi rayonunun sakini 24 yaşlı gənc olub. Şans oyununun aludəçisi olan gənc dəfələrlə yaşamına son qoymağa çalışsa da ona anası və bacısı qarşı çıxıblar. Noyabr ayının ilk həftələrində onun bir sonrakı intihar cəhdində köməyinə çatan olmayıb.

Yaxının sözlərinə görə, o, bir neçə ildir ki, şans oyunlarında oynayaraq uduzub və uduzduğu məbləği qaytarmaq üçün tanışlarından borc alıb. Gəncin yaxını deyir ki, o, son zamanlar özünə çox qapanıbmış və heç kimlə söhbət etmirmiş. Əlindəki sərvətini şans oyunlarında uduzduğuna görə, o, borc götürüb və borcunu qaytara bilmədiyində intihara əl atıb və şans oyunlarının qurbanı olub. Gəncin ailə üzvləri ilə əlaqə saxlamağa çalışsaq da buna nail ola bilmədik. Amma onun yaxını gəncin şans oyunlarının qurbanı olduğunu qeyd etdi.

DİN-dən "Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin intiharı nəzərdə tutma faktı ilə 115-ci maddəyə əsasən araşdırma aparılır.

Şans oyunlarına görə, oğlunun intihara əl atacağından narahat olan 60 yaşlı ananın sözlərinə görə, bu oyunlar insanı ailəsindən uzaqlaşdırır və çıxılmaz vəziyyətə salır.

“Əvvəl hər şey fərqli idi, borcumuz, dərdimiz yox idi. Oğlumun səhv addımına, seçdiyi səhv yola görə hər şey dəyişdi. Onun pis vərdişi ailəmizdə davaların yaranmasına səbəb oldu. Tək mənim oğlum deyil çox adam bu vəziyyətdədir. Bizim heç borcları qaytarmağa imkanımız da yoxdur. Hər dəfə oğlumla daşalıram, getmə deyirəm. Oyun ailəndən vacib deyil deyirəm ölümü ilə bizi qorxudur. Elə deyir özümü öldürəcəm bacarmıram. Kaş qumarxanalar olmazdı. Niyə qumarxanaları bağlamırlar?”- oğlu şans oyunlarının aludəçisi olan ana deyir.

Ötən həftə Tsxvariçamia meşəsində Gürcüstanın Birinci Kanalının operatoru Sandro Beridzenin cansız bədəni tapıldı. Onun şans oyunlarının qurbanı olduğu deyilir.

Batumi şəhərində ötən günlər ərzində daha bir intihar hadisəsi baş verib. Şans oyunlarının qurbanı olan 23 yaşlı gənc sosial media vasitəsi ilə paylaşım edərək ailəsindən və tanışlarından üzr istəyib. O, Gürcüstanda şans oyunlarının qadağan edilməsini xahiş edib. Qeyd edək ki, bu şans oyunlarına görə baş verən 3-cü intihar hadisəsi idi.
Bu oyunlar yaşından asılı olmayaraq bir çox insanların maraq dairəsini əhatə edir.

Oyuna başlayan şəxslər bir müddət sonra əvvəlki xasiyyətlərində olmur və dəyişirlər. Onlar ilk olaraq ailə üzvlərinə qarşı laqeyidləşir və tək düşüncələri şans oyunlarını təkrar oynamaq və böyük məbləğdə qazanc əldə etmək olur. Zaman keçdikcə qazanmaq əvəzinə əllərində olan son məbləği hətta, evini, maşınını, bütün sərvətini şans oyunlarında uduzan insanlar intiharı özlərinə yeganə çıxış yolu olaraq görürlər.

Qeyd edək ki, “Qumar oyunları öldürür” və “Uşaqlarınızı qoruyun” sözləri yazılmış plakatlar tutaraq Gürcüstan hökumət binasının qarşısında şans oyunlarına qarşı keçirilən aksiya zamanı, QHT-nin rəhbəri Tamara Caparidze, analar adından hökumətə müraciət edərək “Analar qumar oyunlarına qarşı”dır sözlərini demişdi.

QHT-nin araşdırmalarının nəticələrinə görə, Gürcüstanın 14 yaşlı sakinlərinin 28%-i, 16 yaşlı sakinlərinin 58%-i, 17 yaşlı sakinlərinin isə 90%-i qumar oynayır.

Print Email
FaceBook Twitter Google