Birinci və İkinci Kosalı kəndlərinin sakinləri zibil konteynerlərinin olmamasından şikayətlənirlər - (Foto+Video)
Marneuli rayonunun Birinci və İkinci Kosalı kənd sakinləri kənddə zibil qutularının olmamasından şikayətlənirlər. Birinci Kosalı kəndinə daxil olduqda yol kənarlarına səpələnmiş zibilləri görmək mümkündür.
Lakin, kənddə bir dənə də olsun zibil qutusu yoxdur. Sakinlər deyirlər ki, zibili yığıb yandırmaqdan da qorxurlar. Onların sözlərinə görə, zibili yandırdıqları zaman ekologiya polisləri gəlir və onlara müəyyən məbləğdə cərimə yazırlar.

“Zibil atmağa yer yoxdur, bəzən maşına qoyuruq, harasa gedəndə atırıq. Bəzilər yandırır. Yoldaşım zibili atdığına görə, ekologiya polisi 80 lari cərimə yazdı”, – kənd sakini deyir.

Belə olduğu halda isə onlar özlərinə məxsus bağın ərazisində quyu qazaraq zibili ora atmalı olurlar. Külək əsdikdə isə həmin zibillər ətrafa dağılaraq xoşagəlməz görüntünün yaranmasına səbəb olur.

İkinci Kosalıda isə problem fərqlidir. Kənddə bir neçə zibil konteyneri görmək mümkündür. Amma sakinlər deyirlər ki, bu zibil konteynerlərinin qoyulduğu məsafə uzaqdır. Kəndin magistral yolunun kənarında cəmi bir konteyner görmək olur. Zibil konteynerlərinin az olmasına görə konteynerin ətrafı və demək olar ki, konteynerin yerləşdiyi bütün ərazi zibillə əhatə olunub. Sakinlərin sözlərinə görə, namizədlər seçkiqabağı kəndə gəlir və onların problemləri ilə maraqlanaraq vədlər verirlər.

“Seçkilər bitib, seçilənə kimi söz verirlər, amma seçiləndən sonra nömrələrini dəyişirlər. Heç bir iş görmürlər. Kəndə deputat da seçdik, heç o, da maraqlanmır vəziyyətlə. Aylıq 600 larisini alır, oturur evində”, – sakinlər deyirlər.

Onlar bildirirlər ki, Marneulinin hazırkı meri Zaur Darğallı da sakinlərlə görüşlər keçirib və onlar bu problemləri haqqında meri də məlumatlandırıblar.
Birinci Kosalı kəndinin sakinləri deyirlər ki, kəndlərində problemlər bitmək bilmir. Onlar artıq özlərini bu problemlərin həll olunmayacağına inandırıblar.

Məsələ ilə bağlı “Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladze ilə əlaqə saxladıq. L.Mumladzenin sözlərinə görə, 2020-ci ilin büdcəsində Meriya lazım olan kəndlərə eyni zamanda Birinci və İkinci Kosalı kəndlərinə zibil konteynerləri yerləşdirəcək.






















Print Email
FaceBook Twitter Google