Avropa Şurasının məlumatlandırma “mən
bərabərliyi seçirəm” kampaniyası çərçivəsində Marneulidə, 5 saylı
ictimai məktəbdə, Gürcüstan Prokurorluğunun nümayəndələri görüş
keçirib.
Prokurorlar iştirakçıları tolerantlığın
əhəmiyyəti ilə tanış ediblər və ayrı-seçkilik məsələsi ilə bağlı
olan hüquqi mexanizmlərdən söhbət açıblar. “Marneuli” radiosu ilə
söhbət zamanı Marneuli rayon prokuroru Murad Mnatobişvili deyir ki,
bərabərlik həftəsi 15 noyabrda başlayıb və 22 noyabra qədər davam
edəcək.
“Kampaniyanın məqsədi ictimaiyyətin məlumatlandırılması
və ayrı-seçkiliyə qarşı mübarizə üçün mövcud olan hüquqi
mexanizmlər haqqında məlumat verməkdir. Gürcüstan prokurorluğu qeyd
olunan kampaniyaya dəstək olur və kampaniyaya qoşulub. Gürcüstan
prokurorluğuna nifrətdən yaranmış cinayətlərlə mübarizə aparmaq
prioritetlidir”, – Murad Mnatobişvili deyir.
Bərabərlik həftəsi çərçivəsində Gürcüstan miqyasında
məlumatlandırma tədbirləri planlaşdırılıb. Tədbirdlərdə gənclər,
müxtəlif ixtisas və qrup nümayəndələrinin bərabərliyin əhəmiyyəti
və ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı hüquqi mexanizmlər
haqqında məlumat almaq imkanları olacaq.
16 noyabrda dünya beynəlxalq tolerantlıq gününü qeyd edir. Bu gün
1995-ci ildən UNESCO-nun təşəbbüsü ilə qeyd olunur və onun məqsədi
qeyri-tolerantlıq və ayrı-seçkilik təhlükələri haqqında
ictimaiyyətin məlumatlandırılmasıdır.
"Marneuli" Radiosu