Marneuli meriyası Gürcüstan Ümumi İnzibati Məcəlləsini pozub

Marneuli meriyası Gürcüstan Ümumi İnzibati Məcəlləsini pozub.


Meriya “Marneuli” radiosu tərəfindən tələb olunan ictimai məlumatın verilməsi ilə bağlı məktuba hələ cavab verməyib. “Marneuli” radiosu 14 noyabr tarixində meriyadan bələdiyyə nəzdindəki təşkilat və məhdud məsuliyyətli cəmiyyətlərin 9 aylıq hesabatı ilə bağlı məlumat tələb etmişdi. Meriya məktubu 15 noyabr tarixində qeydiyyatdan keçirdi və müvafiq olaraq 10 iş günü ərzində, yəni 28 noyabradək məktuba cavab verməli idi.

Marneuli meriyasının İnformasiya və Statistika Şöbəsinin rəhbəri İrine Maçaraşvilinin bu gün, 5 dekabr tarixində “Marneuli” radiosuna bildirdiyinə görə, meriya məktubu hazırlayıb, lakin merin imzası lazımdır və ona görə də bu günədək göndərə bilməyiblər.

İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzinin hüquqşünası və araşdırmaçısı Mariam Qabrielaşvilinin “Marneuli” radiosuna bildirdiyinə görə, ictimai müəssisələr vətəndaşların və ya təşkilatların məktublarına ən çox 10 gün ərzində cavab verməlidirlər.

“Real olaraq, qanunvericilikdə belə müəyyən olunub ki, dərhal məlumat verilməlidir. Fikrimcə bizim inzibati orqanlar bu 10 günlük müddətdən kifayət qədər sui-istifadə edirlər. Beş gündə, üç gündə və ya elə həmin gün verə biləcəkləri məlumatı uzadırlar və bütün hallarda 10 iş günündə verirlər”, – Qbrielaşvili deyir və əlavə edir ki, əgər inzibati orqan informasiyanın həcmindən asılı olaraq 10 gün ərzində cavab verə bilmirsə, o zaman meriya ictimai məlumat tələb edən şəxsə müraciət edərək müvafiq məlumatla inzibatı orqanda yerindəcə tanış olmağı təklif edir.

Qeyd edək ki, Marneuli meriyası “Marneuli” radiosunun tələb etdiyi məlumata dərhal cavab verə bilərdi, belə ki, meriya nəzdindəki təşkilat və müəssisələr 9 aylıq hesabatı artıq təqdim ediblər.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google