Ailəyə xərçəng xəstəliyinin müalicəsi üçün pul kifayət etmir - Sosial Agentlikdən yardım almaq üçün isə yetərli qədər balları yoxdur
62 yaşlı Gülzadə Məmmədova Marneulidə, Kostava küçəsi 33 ünvanında yaşayır.

O, 8 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. 8 il əvvəl özünü narahat hiss edən Gülzadə Tbilisidə, Diğomidə yerləşən xəstəxanalardan birinə müraciət edir. Ona döş xərçəngi diaqnozu qoyulur və nəticədə döşlərindən biri əməliyyat olunaraq, götürülür.

“Marneuli” radiosu ilə söhbəti zamanı o, bir müddət sonra ayağının altında yaranan dəri çatlarından ayağına infeksiya keçdiyini deyir. Pandemiya zamanı yollar bağlı olduğundan Məmmədova Marneulidəki Aversi klinikasına müraciət edir. Bu dəfə Məmmədova ayağından əməliyyat edilməli olur. Əməliyyatdan sonra da onun ayağındakı şiş azalmır.



Yenicə əməliyyat olunmuş Gülzadənin bu dəfə sol döşündə şiş yaranır və Marneulidə yerləşən xəstəxanalardan birinə müraciət edir. Onun döşündə olan şişi aradan qaldırmaq üçün həkimlər ona kimya müalicəsi tətbiq edirlər. Kimya müalicəsi Məmmədovanın döşünə yaxşı təsir etsə də, yenicə əməliyyat olan və şişi azalmayan ayağına mənfi təsir göstərir. Onun sözlərinə görə, həkimlərin diqqətsizliyi nəticəsində ayağından bir neçə dəfə əməliyyat olunmağa məcbur qalıb.



Hazırda Məmmədova 6 nəfərdən ibarət olan ailəsi ilə birlikdə yaşayır. Yoldaşı illərdir onun dərmanlarını ala bilmək, həkimə aparmaq üçün banklardan götürdüyü kreditləri ödəmək üçün gecə-gündüz çalışır. Ailənin yeganə oğlu restoranda işləyirmiş. Lakin koronavirusa görə qoyulan qadağalardan sonra onun restoranda olan işi də dayanır. İndi ailənin gündəlik ehtiyaclarını qarşılamaq üçün heç bir gəlir mənbəyi yoxdur. Gülzadənin aldığı aylıq təqaüdü isə onun iynə-dərmanlarını ancaq görür.



G.Məmmədovanın yoldaşı Ayvaz Məmmədov deyir ki, sosial yardım almaq üçün dəfələrlə Marneuli Sosial Xidmət Agentliyinə müraciət edib. O, ailə vəziyyətlərinin çətin olduğunu, yoldaşının xəstə olduğunu desə də, ona sosial yardım verilməyib. Məmmədovun sözlərinə görə, Sosial Xidmət Agentliyindən onlara sosial yardımın düşmədiyini və 96 balları olduğu üçün yadım almalarının imkansız olduğunu deyiblər.



Ailə hal-hazırda dövlətdən sosial yardım almaq üçün onlara kömək olunmasını tələb edir.

Print Email
FaceBook Twitter Google