Kvemo Kartli regionunda bilik və bacarıqların inkişafı, işlə
təminata dəstək paltformaları, resurslar və tədbirlərin keyfiyyəti,
əlçatanlıq və əmək bazarı tələblərinə uyğunlaşmanın artırılması
məqsədi ilə “Bilik və bacarıqların inkişafı şəbəkəsi,
platformaların gücləndirilməsi” layihəsinə başlanılıb.
Layihənin Kvemo Kartli üzrə direktoru Kamran Əfəndiyev “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, proqram üç il ərzində davam
edəcək.
“Birinci il əsasən iş mərhələsi olacaq. İndi, 15 marta
qədər istəyi olanlar üçün elan vermişik. Göndərilmiş müraciətlərə
əsasən gördük ki, kim hansı istiqamətdə kurs keçmək istəyir.
Onların zəif tərəflərinə də baxacağıq və buna əsasən ikinci ildən
kolleclərlə əməkdaşlığa başlayacağıq. Hər il biz üç gəncin kollecdə
təhsilini maliyyələşdirəcəyik və istədiyi proqram üzrə təhsil
alacaq. Bundan sonra çalışacağıq ki, bizim hazırladığımız
benefisiarlara iş yeri tapaq”, – Kamran Əfəndiyev
dedi.
Əfəndiyevin sözlərinə görə, layihə iştirakçılarının sayı məhdud
deyil və 15 yaşdan 29 yaşa qədər istəyi olan hər kəs müraciət edə
bilər.
“Biz çalışacağıq ki, həssas adamlara qədər gedib çıxaq. Məktəbdən
başqa fəallıq, qeyri-rəsmi təhsil mərkəzləri olmayan kəndlərə baş
vuraq. Bizim həmin qapalı kəndlərə getmək imkanımız və gənclərin
problemlərini, ehtiyaclarını daha yaxşı görmək imkanımız
var.”
Layihədə iştirak etmək istəyən gənclər 15 mart tarixinə qədər
müsabiqəyə müraciət etməlidir. Müsabiqənin rəsmi şərtinə görə,
iştirakçıların seçimi zamanı etnik azlıqlara, məcburi köçkünlərə,
fizik imkanları məhdud şəxslərə, kənddə yaşayan gənclərə, iş
təcrübəsi olmayan və başqa maraqlanan şəxslərə üstünlük
veriləcək.
“Layihənin əsas məqsədlərindən biri əmək bazarı barədə
gənclərin məlumatlandırılmasına dəstək olmaqdır; Gənclərin işə
başlamaq və işini qoruyub saxlamaq, daha sonra karyeranın
inkişafına dəstək olmaq üçün ehtiyac duyduğu bacarıqların inkişaf
etdirilməsidir”, – müsabiqə barədə məlumatda qeyd
olunub.
Müsabiqə “Bilik və bacarıqların inkişaf şəbəkəsi, platformaların
gücləndirilməsi” layihəsi çərçivəsində elan olunub. Layihə Avropa
İttifaqının maliyyə dəstəyi ilə
“İşlə təmin olunmaq
üçün təhsil” (Skills4Jobs) proqramı çərçivəsində, Gürcüstanda BMT
Assosiasiyası (UNAG) və Gürcüstan Açıq Cəmiyyət Fondu (OSGF)
tərəfindən həyata keçirilir. Proqram Gürcüstanın dörd regionunda
Acarıstan, Quria, Şida Kartli və Kvemo Kartlidə həyata keçirilir.
Kvemo Kartli layihəsinin koordinatoru “Yeni Düşüncə
İnstitutudur”.
Maraqlanan şəxslər qeyd olunan layihə üçün ərizəni linkdən doldura
bilərlər.