Kvemo Kartlidə gənclərin işlə təmin olunma qabiliyyətinin inkişafı üçün müsabiqə elan edilib
Kvemo Kartli regionunda bilik və bacarıqların inkişafı, işlə təminata dəstək paltformaları, resurslar və tədbirlərin keyfiyyəti, əlçatanlıq və əmək bazarı tələblərinə uyğunlaşmanın artırılması məqsədi ilə “Bilik və bacarıqların inkişafı şəbəkəsi, platformaların gücləndirilməsi” layihəsinə başlanılıb.

Layihənin Kvemo Kartli üzrə direktoru Kamran Əfəndiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, proqram üç il ərzində davam edəcək.

“Birinci il əsasən iş mərhələsi olacaq. İndi, 15 marta qədər istəyi olanlar üçün elan vermişik. Göndərilmiş müraciətlərə əsasən gördük ki, kim hansı istiqamətdə kurs keçmək istəyir. Onların zəif tərəflərinə də baxacağıq və buna əsasən ikinci ildən kolleclərlə əməkdaşlığa başlayacağıq. Hər il biz üç gəncin kollecdə təhsilini maliyyələşdirəcəyik və istədiyi proqram üzrə təhsil alacaq. Bundan sonra çalışacağıq ki, bizim hazırladığımız benefisiarlara iş yeri tapaq”, – Kamran Əfəndiyev dedi.

Əfəndiyevin sözlərinə görə, layihə iştirakçılarının sayı məhdud deyil və 15 yaşdan 29 yaşa qədər istəyi olan hər kəs müraciət edə bilər.

“Biz çalışacağıq ki, həssas adamlara qədər gedib çıxaq. Məktəbdən başqa fəallıq, qeyri-rəsmi təhsil mərkəzləri olmayan kəndlərə baş vuraq. Bizim həmin qapalı kəndlərə getmək imkanımız və gənclərin problemlərini, ehtiyaclarını daha yaxşı görmək imkanımız var.”


Layihədə iştirak etmək istəyən gənclər 15 mart tarixinə qədər müsabiqəyə müraciət etməlidir. Müsabiqənin rəsmi şərtinə görə, iştirakçıların seçimi zamanı etnik azlıqlara, məcburi köçkünlərə, fizik imkanları məhdud şəxslərə, kənddə yaşayan gənclərə, iş təcrübəsi olmayan və başqa maraqlanan şəxslərə üstünlük veriləcək.

“Layihənin əsas məqsədlərindən biri əmək bazarı barədə gənclərin məlumatlandırılmasına dəstək olmaqdır; Gənclərin işə başlamaq və işini qoruyub saxlamaq, daha sonra karyeranın inkişafına dəstək olmaq üçün ehtiyac duyduğu bacarıqların inkişaf etdirilməsidir”, – müsabiqə barədə məlumatda qeyd olunub.

Müsabiqə “Bilik və bacarıqların inkişaf şəbəkəsi, platformaların gücləndirilməsi” layihəsi çərçivəsində elan olunub. Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə “İşlə təmin olunmaq üçün təhsil” (Skills4Jobs) proqramı çərçivəsində, Gürcüstanda BMT Assosiasiyası (UNAG) və Gürcüstan Açıq Cəmiyyət Fondu (OSGF) tərəfindən həyata keçirilir. Proqram Gürcüstanın dörd regionunda Acarıstan, Quria, Şida Kartli və Kvemo Kartlidə həyata keçirilir. Kvemo Kartli layihəsinin koordinatoru “Yeni Düşüncə İnstitutudur”.

Maraqlanan şəxslər qeyd olunan layihə üçün ərizəni linkdən doldura bilərlər.

"Marneuli" Radiosu
Print