İlahiyyatçı Kamran Məmmədov koronavirusa qarşı vaksin vurdurmaq
fikrini müsbət qarşılayır.
O, “Marneuli” radiosu ilə söhbəti zamanı İslam ölkələrində də
peyvənd vurulduğunu və bunun normal addım olduğunu bildirdi. Onun
sözlərinə görə, əksər ruhanilər insanların koronavirusa qarşı
peyvənd olunmasını müsbət qarşılayırlar, ancaq bəzi ruhanilər buna
qarşıdır. Əksər ruhanilərin əsas fikri vaksinlərin seçimində
diqqətli olmaqdır. Onlar vaksinlərin tərkib və keyfiyyətinə görə
insanları diqqətli olmağa çağırırlar.
“Avropada və başqa ölkələrdə istifadə olunan bəzi vaksinlər
vurulduqdan sonra bir sıra fəsadlara səbəb oldu. Buna görə də bu
kimi vaksinlərə qarşı baxış müsbət deyil. Amma ümumilikdə vaksin
vurulmağına ruhanilərin çoxunun fikri müsbətdir. Dinimiz bu sahədə
mütəxəssislər və həkimlərə güvənməyi və inanmağı tövsiyə edir. Bu
sahənin söz sahibləri var. Buna görə də bizdən gözlənilən bu
sahənin mütəxəssislərinə güvənməkdir.”
Məmmədov insanların vaksinlə bağlı məlumat azlığının olduğunu
bildirdi. O, vaksinlərin tərkibi, hansı səbəbdən vurulduğu ilə
bağlı insanlara geniş şəkildə məlumat verilməsinin lazım olduğunu
qeyd etdi. İlahiyyatçı peyvənd olunmağı düşündüyünü desə də,
konkret hansı vaksini seçəcəyini hələ ki, bilmir. Kamran Məmmədov
peyvəndləmə prosesini müşahidə etdiyini, toplumun tələb etdiyi
vaksin olarsa, həmin vaksinlə peyvənd olunacağını dedi. Kamran
Məmmədov ruhanilərlə də bu mövzuda bir çox müzakirələr
apardıqlarını bildirdi. O, insanların peyvənd olunacaqları təqdirdə
bəzi məhdudiyyətlərin aradan qaldırılacağı ilə bağlı fikirlərin
səsləndirildiyini də qeyd etdi. Məmmədov insanlarda məhz belə
fikirlərə görə vaksinə qarşı müxtəlif düşüncələrin yarandığını
söylədi. Buna görə də o, xüsusi olaraq vaksinlərlə bağlı geniş
şəkildə məlumatlandırma prosesinin həyata keçirilməsini tövsiyə
etdi.
Qeyd edək ki, Gürcüstanda peyvənd olunma prosesində “Pfizer”,
“AstraZeneca” və “Sinopharm” vaksinlər tətbiq olunur. Marneulidə
Çin vaksini "Sinopharm"-ın vurulması üçün bütün yerlər dolub.
Gürcüstan 30 aprel tarixində 100 000 doza "Sinovak" və 100 800 ədəd
şpris alıb. 18 yaşdan yuxarı olanlar booking.moh.gov.ge
veb-səhifəsində qeydiyyatdan keçə bilərlər. Marneulidə "Sinopharm"
peyvəndinin vurulması 5 may tarixindən 21 may tarixinə qədər
planlaşdırılıb.
Vaksinlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün linkə daxil
olun.