Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi koronavirusa qarşı peyvənd olunmaq barədə danışdı
22:27 / 07.05.2021
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov
koronavirusa qarşı peyvənd olunmağın vacib olduğunu düşünür.
O, bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı məlumat verdi.
İgidov bir neçə gün əvvəl vaksinlə bağlı Dini Məsələlər Üzrə Dövlət
Agentliyində baş tutan görüş zamanı müzakirə apardıqlarını
bildirdi.
Onun sözlərinə görə, ruhanilər arasına vaksinlə bağlı fikir
ayrılıqları mövcuddur. Ruhanilərin bəziləri vaksin vurdurmağa
ehtiyatla yanaşır.
Ramin İgidov buna səbəb olaraq sosial şəbəkələrdə vaksinlərlə bağlı
bəzi yazıların paylaşılmasını göstərdi.
Onun sözlərinə görə, Acarıstanda yaşayan insanlar tərəfindən Çin
vaksininə qarşı maraq böyükdür.
“Ruhani qardaşlar və Acarıstanda yaşayan gürcü
qardaşların hamısının bir fikri var idi ki, bəziləri vaksinə
ehtiyatla yanaşırlar. Bununla bağlı sosial şəbəkələrdə bəzi
qarayaxmalar oldu. Buna görə də bir az şübhə ilə yanaşırlar.
Vaksinin “Pfizer” olsun, “Astrazeneca” olsun və ya digərləri –
bunlarla bağlı da fikir ayrılıqları mövcuddur. Bizim Qərbi
Gürcüstan Müftimiz orada qeyd etdi ki, bizim ruhanilərimiz düşünür
ki, əgər Çinin vaksini olarsa, o zaman vurdurmağı düşünürlər.
Buradan irəli gəlir ki, onların etimad etdiyi xüsusi dövlətlər var.
Türkiyədəki din adamları ilə ruhanilərin əlaqələri olduğu üçün
Türkiyədə əsasən Çin vaksini istifadə olunur deyə ona etimad
göstərirlər.”
Ramin İgidov insanların vaksinin növləri və təsirləri ilə bağlı
məlumat azlığının olduğunu qeyd etdi. O, Gürcüstanda peyvənd
olunduqdan sonra həyatını itirən tibb bacısının həyatını itirmə
səbəbini araşdırmadan, insanlarda “Astrazeneca”-ya qarşı
güvənsizlik yarandığını bildirdi. İgidov Avropa ölkələrində
“Astrazeneca”-dan imtina edilib, xüsusi araşdırmaların
aparılmasının insanları qorxuya saldığını söylədi. Buna görə də o,
insanları maarifləndirmə məsələləri üzərində ciddi şəkildə
çalışmağın vacib olduğunu qeyd etdi.
İgidov peyvənd olunub-olunmayacağı barədə də danışdı. O, peyvənd
vurdurmağın vacib olduğunu bildirdi. İgidov peyvənd olunmağa qarşı
çıxmağı məlumatsızlıqla əlaqələndirdi. Onun sözlərinə görə, 1907-ci
ildə də bu şəkildə peyvənd vurulması prosesi baş tutub. İgidov hələ
ki, hansı vaksinlə peyvənd olunacağını bilmir, amma peyvənd
olunmağı düşünür. O, Şeyx kimi ilk olaraq onların peyvənd
prosesindən keçərək nümunə olmalarının vacibliyini vurğuladı.
Qeyd edək ki, Gürcüstanda peyvənd olunma prosesində “Pfizer”,
“AstraZeneca” və “Sinopharm” vaksinlər tətbiq olunur. Marneulidə
Çin vaksini "Sinopharm"-ın vurulması üçün bütün yerlər tutulub.
Gürcüstan 30 aprel tarixində 100 000 doza "Sinovak" və 100 800 ədəd
şpris alıb. 18 yaşdan yuxarı olanlar booking.moh.gov.ge
veb-səhifəsində qeydiyyatdan keçə bilərlər. Marneulidə "Sinopharm"
peyvəndinin vurulması 5 may tarixindən 21 may tarixinə qədər
planlaşdırılıb.
Vaksinlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün linkə daxil
olun.