Marneulililər üçün azadlıq nədir
26 may tarixində Gürcüstanın Müstəqillik Günü qeyd olunur. Meriya Müstəqillik günü ilə bağlı tədbirləri “Yenə də böyüyəcəklər” abidəsinin ərazisində keçirib.

Sizin üçün azadlıq nədir? – “Marneuli” radiosu bu sualı Marneuli sakinlərinə ünvanladı. Marneuli sakinləri üçün azadlıq əsasən qanunun aliliyi, başqa ölkədən asılı olmamaq və rahat yuxu yatmaq deməkdir.

Marneuli meri Kənan Ömərov üçün azadlıq inkişaf və irəliləyişdir. Ömərov bizim suala məhz bu iki sözlə cavab verdi – “inkişaf və irəliləyiş”.

Soldan sağa: Kənan Ömərov, Marneuli və Hucabinin Yepiskopu Qiorqi Camdeliani, Qiorqi Doxturişvili, Mamuka Naveriani

Marneuli sakini Azad Urumov üçün azadlıq qorxusuz yaşamaqdır.

“Azadlıq, azad nəfəs almaq, hərəkət etmək deməkdir. Heç kimdən qorxmursan. Yolunu heç kim kəsmir. Gecə rahat yatırsan. Azadlıqdan azadlığa doğru gedirik. Qapıları bağlamırsan və rahat yata bilirsən. Yəni demək istəyirəm ki, “Mxedrion” dövründə deyilik”.

Bizim sorğu apardığımız Marneuli sakinlərinin əksəriyyəti üçün azadlıq müstəqilliyə bərabərdir.

“Azadlıq başqa ölkədən asılı olmayaraq, azad yaşamaqdır”.

“Azadlıq, azad həyat deməkdir. Heç bir ölkədən asılı deyilsən”.

“Azadlıq ölkənin birliyi deməkdir. Böyük ümidim var ki, gələn il Abxaziya və Samaçablo Gürcüstanın tərkibində olacaq, 26 mayı belə qeyd edəcəyik”.

“Azadlıq insanın azadlığı deməkdir. Başqa cür azad deyə bilməzsən. Dövlət azad olmalıdır, qanun aliliyi olmalıdır və bununla vətəndaş da azad ola bilər”.

Müstəqillik gününün qeyd edilməsi üçün, “Yenə də böyüyəcəklər” abidəsi ərazisində tədbirlər saat 14:00-da başladı. Tədbirdə sərgilər, musiqili konsert, teatr səhnəcikləri və idman yarışları təqdim olundu.

Gürcüstan müstəqillik aktını 1918-ci ilin 26 mayında, Tbilisidə imzalayıb.

Print Email
FaceBook Twitter Google