Saraçlı sakini Mövlud Mehrabov gürcü dilinə tərcümə etdiyi əsərlə müsabiqənin qalibi olub (FOTO)
Bolnisi rayonunun Saraçlı kənd sakini və Saraçlı ictimai məktəbinin gürcü dili müəllimi Mövlud Mehrabov Gürcüstan universitetləri arasında keçirilən müsabiqədə birinci yerin qalibi olub. Bu barədə Mehrabov “Marneuli” radiosuna müsahibəsi zamanı məlumat verdi.

Onun sözlərinə görə, doktoranturada elmi rəhbəri olan Rusudan Saknadzenin təklifi ilə müsabiqəyə qatılmaq qərarına gəlib. Gənc müəllimin sözlərinə görə, müsabiqə 3 mərhələdən ibarət olub. Birinci mərhələdə müsabiqənin qalibi universitetdə, ikinci mərhələdə nazirlikdə, üçüncü mərhələdə isə prezident sarayında prezidentin seçimi ilə seçilir.

“Bu müsabiqə 3 mərhələdən ibarətdir. Birinci universitet içində müsabiqə olur. Universitet tələbələrinin, magistr, doktorantura tələbələrinin arasında. Universitet öz içində bir namizəd seçir. Sonra isə onu nazirliyə göndərir. Sonra isə Gürcüstandakı universitetlər arasında müsabiqə olur. Oradan isə birinci yerə çıxan prezidentə göndərilir. İlk mərhələdə universitetdə mən seçildim. Mənə dedilər ki, belə bir müsabiqə var, sən də iştirak et. Bir əsər, nağıl götürürsən. Etimad Başkeçid var, onun əsərini – “Velosiped” nağılını tərcümə etdim. Universitetə göndərdim. Bəyəndilər və qalib etdilər, nazirliyə göndərdilər. Orada da birinci yerə çıxdı. Hal-hazırda isə oradan da prezidentə göndərilib. Prezident də bu ayın ortaları qərar verəcək və dəvət edəcək. Tbilisidə mükafatlandırma olacaq. Orbeliani evində mükafatlandırma olacaq. Sonuncu mərhələ həm ədəbiyyat üzərində oldu, həm tərcümə edə bilərdin, həm də elmi işlər haqqında nələrsə tərcümə edə bilərdin. 4 nəfər qaldıq axıra. 4 nəfər nazirlikdən çıxıb, ən gözəl tərcümələr çıxıb. İndi birini prezident seçəcək.”

M.Mehrabov müsabiqə üçün Etimad Başkeçidin əsərinə müraciət etdiyini deyir. O, “Velosiped” əsərini gürcü dilinə tərcümə edib. Qalib deyir ki, bu əsər maraqlı olması ilə yanaşı azərbaycanlı ailənin yaşam tərzi, ailə mədəniyyəti və qaydalarından bəhs edir.

“Özüm şəxsən o əsəri seçdim. Əsərdə azərbaycanlıların yaşayış tərzi haqqında, ailə içində söhbətlərdən bəhs edir. Əsas məqsədim də o idi ki, gürcü xalqına azərbaycanlıların yaşayış tərzini, ailə mədəniyyətini təqdim edim. Çox da bəyənildi. Kutaisidə “Poeziya Günləri” jurnalında mənim tərcümə etdiyim əsər çap olundu. Yaxın gündə başqa qəzetlərdə də çıxacaq.”

Qalib gəlməyin gözəl hiss olduğunu deyən Mehrabov qalibiyyətin onu bu qədər sevindirəcəyini düşünmürmüş.

“Qalib gəlmək çox gözəl hissdir. Mən belə gözləmirdim. Bir neçə yerlərdə müsabiqələrdə iştirak etmişəm. Adi bir şey kimi qarşılayırdım. Amma paylaşdım, dostlarıma deyəndə çox təbriklər aldım. Mənim üçün daha böyük sevinc oldu. Onların təbriklərindən qürurlandım. Həm öz adıma, həm ailəm, həm millətim adına.”

Məlumat üçün qeyd edək ki, hazırda müsabiqənin universitet tərəfindən seçilib nazirliyə göndərilən 4 nəfər qalibi var. Bunlardan 3 nəfəri gürcü, bir nəfəri isə Mövlud Mehrabovdur. Müsabiqənin son mərhələsində isə Gürcüstanın prezidenti Salome Zurabişvili tərəfindən yeganə qalib seçiləcək. Seçim isə iyun ayının ortalarına təsadüf edəcək.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google