Təhsil ən çox etnik azlıqlar üçün əlçatan deyil və qeyri-bərabərdir – Tamta Mikeladze
Gürcüstan miqyasında təxminən 2000 ermənidilli və azərbaycandilli məktəb var. Müəllim çatışmazlığı, müəllimlərin peşəkarlığı, dərslik problemi və məktəblərin müvafiq şəraitdə olmaması – bunlar qeyri-gürcüdilli məktəblərin qarşısında dayanan problemlərin qısa siyahısıdır.

1 iyun tarixində Sosial Ədalət Mərkəzi və “Salam” platforması “Təhsil siyasətinin davamlı problemləri və qeyri-dominant etnik qruplar” mövzusunda konfrans keçiriblər. Konfransın əsas məqsədi təhsil sahəsində qeyri-dominant qruplar qarşısında dayanan problemlərin geniş müzakirə edilməsi idi. Sosial Ədalət Mərkəzinin təsisçisi Tamta Mikeladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Gürcüstanda təhsil sistemində böyük problem var. Onun sözlərinə görə, ali təhsil alan insanların sayı azalıb, region və kənddə yaşayan qruplar üçün isə keyfiyyətli təhsilin əlçatanlığı aşağıdır.

“Müxtəlif struktur bərabərsizliyi ilə yanaşı, təhsil ən çox etnik azlıqlar üçün əlçatan deyil və qeyri-bərabərdir. Bu asimmetriyalarda etnik əlamət dərin bərabərsizlik yaradır. Burada məhz ermənidilli və azərbaycandilli məktəbləri nəzərdə tuturam. Onlar bütün Gürcüstanda məktəblərin 10%-ni təşkil edirlər. Burada əsaslı problemlə qarşılaşırıq. Azlıqların təhsilindən danışanda biz deyə bilərik ki, bu problemlər məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinə qədər bütün səviyyələrdə var. Statistika göstərir və bunu dövlət də etiraf edir ki, etnik azlıqların sıx məskunlaşdığı regionlarda uşaq bağçalarının sayı gürcü kəndlərindən, şəhərlərindən daha azdır”.

Sosial Ədalət Mərkəzinin rəhbərinin sözlərinə görə, təhsil səviyyəsinin artırılması üçün əsaslı islahatlar aparılmalıdır və bu islahatlar təhsilin hər üç pilləsini, məktəbəqədər, orta, ali təhsili əhatə etməlidir.

“Əgər dövlət əsaslı islahata başlamasa, real nəticə əldə etmək, bu bərabərsizliyi aradan qaldırmaq çox çətin olacaq. Etnik azlıqların təhsilindən danışan zaman, tez-tez dövlət və bütün siyasi partiyalar gürcü dilinin öyrənilməsi dilemmasından, vacibliyindən danışırlar. Əlbəttə, bu amil gürcü dilinin ikinci dil kimi öyrənilməsinin çətinliklərindən biridir. Amma mən düşünürəm ki, burada bu prosesin daha bir mühüm ölçüsü var. Bu keyfiyyətli təhsilin əlçatanlığıdır. Bizdə azərbaycan və erməni dili, ədəbiyyatının tədrisi çox aşağı səviyyədədir. Bizim reallıqda demək olar, azərbaycan və erməni dilini ixtisaslı şəkildə bilən, müvafiq müəllimləri əvəz edəcək kadrlarımız yoxdur. Ona görə də bu çox geniş məsələdir və çox strateji qərar, vaxtında müdaxilə lazımdır. Çünki müəllim resursları da çatışmır və kadrların axtarışı, gücləndirilməsi, işlə təmin edilməsi üçün dövlətin mexanizmləri yoxdur”.

Sosial Ədalət Mərkəzinin keçirdiyi konfransda Təhsil Nazirliyinin nümayəndələri də iştirak edirdilər. Konfrans çərçivəsində təşkilatın tələbi xüsusi strategiya və fəaliyyət planının yaradılması idi. Təhsil Nazirliyində indiki mərhələdə qeyri-gürcüdilli məktəblər üçün nəzərdə tutulmuş xüsusi strategiya və fəaliyyət planı yoxdur. Eləcə də Təhsil Nazirliyndə etnik azlıqların təhsili üçün nəzərdə tutulmuş xüsusi xidmət də yoxdur. Sosial Ədalət Mərkəzi rəhbərinin sözlərinə görə, Təhsil Nazirliyinə bağlı qurumlar arasında koordinasiya tez-tez itir və zəif olur.

“Təhsil Nazirliyinin nümayəndələri görüşdə iştirak edirdilər və onlar tətbiq etdikləri ümumi təhsil panelində təhsil metodikası, yanaşmalarla əlaqədar da çıxış etdilər. Dövlətin təhsil sahəsində yeni 10 illik strategiya hazırlaması bizə məlumdur və onlar deyiblər ki, bu strategiyanın əsas istiqaməti etnik azlıqların təhsilinə həsr olunacaq. Bizə vəd verdilər ki, bu sənədi bizimlə bölüşəcəklər və o məsləhət, müzakirələrə açıq olacaq”,
– Tamta Mikeladze bildirdi.

Sosial Ədalət Mərkəzinin təsisçisinin sözlərinə görə, etnik azlıqların təhsili çox geniş və çoxşaxəli məsələdir, yalnız dövlət dilinin tədrisini əhatə etmir. Tamta Mikeladzenin sözlərinə görə, təhsil məsələsi kasıblıq, iqtisadi bərabərlik kimi problemlərin həlli yoludur. Digər tərəfdən isə təhsil səviyyəsinin artırılması, inklüziv ictimaiyyətin yaradılmasının ilkin şərtidir. Mikeladzenin sözlərinə görə, Sosial Ədalət Mərkəzi etnik azlıqların təhsil əlçatanlığı istiqamətində işləməyə davam edir və o, Təhsil Nazirliyinin 10 illik fəaliyyət planının işlənməsinə qoşulacaq.

"Marneuli" Radiosu
Print