Marneulidə "Elevator" məntəqəsində uşaq bağçası tikilir
Marneulidə, Yağlıca küçəsində, qaçqınlar məntəqəsində (Elevator) uşaq bağçası tikilir. Məktəbəqədər təhsil müəssisəsinin tikintisi Gürcüstanın İşğal Edilmiş Ərazilərdən Köçkünlər, Əmək, Sağlamlıq və Sosial Müdafiə Nazirliyinin “Məcbur köçkün şəxslər və onları qəbul edən icmalar üçün iqtisadi iştirak, yaşayış yeri ilə təmin etmə və sosial infrastruktur” layihəsi çərçivəsində həyata keçirilir. Layihəni Danimarka Qaçqınlar Şurası, Almaniya İnkişaf Bankının (KFW) maddi dəstəyi ilə həyata keçirir.

Bağçanın tikintisi təxminən, 56 000 avroya başa gəlir və bağça 100 uşaq üçün nəzərdə tutulacaq. Tkinti işlərini “Artstayl” MMC həyata keçirir. Şirkət bağçanın tikintisini 2022-ci ilin 1 avqust tarixində başa vurmalıdır.

İndiki mərhələdə Marneuli bələdiyyəsində ümumilikdə 14 uşaq bağçası fəaliyyət göstərir.

Qeyd edək ki, 2021-ci ilin 8 oktyabr tarixində həmin məntəqədə 31 qaçqın ailəyə evlər verilib. Almaniya Federativ Respublikasının hökuməti məcburi köçkün şəxslərə yardım məqsədilə Gürcüstan üçün qrant olaraq 10 milyon avro ayırıb. Qrant çərçivəsində qaçqınlar üçün evlər tikilib.

"Marneuli" Radiosu
Print