Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və digər
dövlət qurumlarının nümayəndələri 6 iyun tarixində Tbilisidəki Cümə
məscidində qonaq olublar.
Onlara məscidin tarixi, burada saxlanılan nadir tarixi minbər və
Qurani-Kərim haqda məlumat verilib.
Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin
İgidov, şərqi Gürcüstan üzrə müfti Etibar Eminov və idarənin bir
neçə nəfər əməkdaşları ilə birgə Azərbaycan nümayəndə heyəti ilə
görüş keçiriblər.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi qonaqlara
Gürcüstandakı müsəlmanların dini baxımdan vəziyyəti, idarənin son
illərdə gördüyü işlər və gələcəkdə həyata keçirilməsini nəzərdə
tutduqları fəaliyyət proqramları barədə məlumat veriblər. Gürcüstan
din xadimləri Azərbaycana səfərlərini xatırladıblar. Onlar
Azərbaycana səfərləri zamanı orada göstərilən qonaqpərvərliyə görə
təşəkkürlərini ifadə ediblər.
Öncə səmimi qarşılanmaya görə təşəkkür edən qonaqlar təmsil
etdikləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və onun
tabeçiliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu
haqqında ətraflı danışıblar. Azərbaycanda və Gürcüstanda mövcud
olan tolerantlıq, dövlətin sağlam İslam dininin yaşaması yönündə
göstərdiyi dəstək və dini qurumlar arasındakı əməkdaşlıq
münasibətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdən razılıqlarını bildirən Azərbaycanlı qonaqlar Gürcüstan
Müsəlmanları İdarəsinin dini rəhbərlərinə və din xadimlərinə
fəaliyyətlərində uğurlar arzu ediblər.