Gürcüstan vətəndaşı Azərbaycanın quru sərhədinin açılması ilə bağlı İlham Əliyevə açıq məktub yazıb
“Dərviş” Qeyri Hökumət Təşkilatının rəhbəri, Rustavi 18 saylı Azərbaycandilli və Qardabani rayonunun Qara Təhlə məktəbinin tarix müəllimi Savalan Osmanov Azərbaycan Respublikasının prezidenti İlham Əliyeva açıq məktub yazıb.

Osmanov yazdığı açıq məktubu “Marneuli” radiosuna göndərib. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, İlham Əliyeva yazdığı məktubda Azərbaycanın Gürcüstanla quru sərhədini açması ilə bağlı müraciət ünvanlayıb.

Savalan Osmanov deyir ki, pandemiya səbəbindən sərhədlərin bağlanması nəticəsində insanlar bir-birlərinin toy və yas mərasimlərində iştirak edə bilmirlər. Onun sözlərinə görə, 1 ildən artıqdır ki, atası Dərviş Osman Əhmədoğlu rəhmətə gedib. Lakin Azərbaycanda yaşayan qohumlarının, dostlarının heç biri atasının yas mərasimində iştirak edə bilməyib.

“İnsanların əksəriyyəti nə ölü, nə diri yerinə, nə də ata-analarının xəstələndiyi zaman yanına gələ bilmirlər. Məcburdurlar ki, hava yolu ilə gəlsinlər. Buna da imkan yoxdur. Bir vətəndaş kimi həm də buradakı azərbaycanlılar adından mən fikirləşdim ki, bu məktubu yazım. Mən bir vətəndaş kimi öz ağrımı, acımı dilə gətirdim. Atamın yas mərasiminə öz doğma və dostları gələ bilmədi. Bu tək mənim istəyim deyil, bunu hamı istəyir, bütün xalqın diləyidir. Hamının yarı canı oradadır. Elə bir ailə yoxdur ki, Azərbaycanda yaxını olmasın. Ya da ailənin yarısı orada, yarısı burada olmasın. İllərdir, gələ bilmirlər. Düzdür, pandemiya bir səbəb oldu, amma indi pandemiya bitmiş sayılır. Bütün dünyada sərhədlər açılıb, sadəcə olaraq Azərbaycan açmayıb. Yenə də gedib-gələnlər var, amma onlar da xüsusi icazə ilə gedib-gəlirlər. Hava yolu açıqdır, lakin maddiyyat insanların rahat gedib-gəlməsinə imkan vermir.”


Savalan Osmanovun prezident İlham Əliyevə yazdığı açıq məktubu təqdim edirik:

“Azərbaycan dövlətinin prezidenti İlham Əliyev cənablarına açıq məktub. Can insanın ruhudur. Bədəndə can olmazsa, o bədən sadəcə ölüdən başqa bir şey deyildir. Hər bir canlının bədənini hərəkət etdirən, beynini çalışdıran və ağlını işlədən ancaq candır. Biz Borçalı qarapapaqlarıyıq. Qanımız türk qanıdır. Ancaq bizi ayaqda tutan bir can, nəfəsimiz olan Odlar yurdu Azərbaycandır. Bildiyiniz kimi Azərbaycan var olduqca biz də varıq. Azərbaycan durduqca qəlbimizin döyüntüsü daima vuracaqdır. Hörmətli Prezident İlham Əliyev cənabları, hər gedilən yol insanın ümididir. Hər görünən yol arzuların hədəfidir. Biz Borçalılar hər zaman vətənimiz olan Gürcüstanı nə qədər seviriksə, canımız olan Odlar yurdunu da bir o qədər sevirik. Ona görə də, ürəyimizin bir teli Azərbaycana, o biri teli də Gürcüstana bağlı olubdur. Məlum olduğu kimi, bu tellərin biri qırılarsa, qəlbimiz döyünməz. Bildiyimiz kimi son zamanlar bəlli səbəblərə görə haqlı olaraq tədbir məqsədiylə yollar bağlanmışdır. Və pandemiya səbəbi ilə bu bağlanmalar qohumları, qardaşları bir birindən uzaq salmışdır. Cənab Prezident artıq pandemiyanın bitdiyi, ciddi təhlükənin azaldığını görməkdə və şahidi olmaqdayıq. Borçalılar adından sizdən bir xahişimiz vardır. Bu xahişimiz hər kəsin həsrətlə gözlədiyi yolların, sərhədlərin açılmasıdır. Bu qapıların açılması isə sizin bir göstərişinizə bağlıdır. Bu yollar açılsa, həsrət qalan qohum-əqrəbalar qovuşar, neçə illərdir, vətəninə əli uzanmış qalan insanlar arzularına çatıb, gəlib vətəninin, doğulduğu torpağın qoxusunu alarlar. Əvvəlcədən sizlərə dərin təşəkkürümüzü və sayğılarımızı bildiririk. İnanırıq ki, səsimizə səs verəcəksiniz.

Hörmətlərlə: "DƏRVİŞ" Qeyri Hökumət Təşkilatının sədri Savalan Osmanov.”


Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədlər 2020-ci ilin mart ayının 14-dən bağlıdır.

Gürcüstan Azərbaycanla quru sərhədini ötən ilin iyunun 1-dən açıb. Azərbaycan isə Gürcüstanla sadəcə hava sərhədini açıb. Quru sərhədlərin açılması ilə bağlı rəsmi məlumat yoxdur.

Print Email
FaceBook Twitter Google