“Dərviş” Qeyri Hökumət Təşkilatının rəhbəri, Rustavi 18 saylı
Azərbaycandilli və Qardabani rayonunun Qara Təhlə məktəbinin tarix
müəllimi Savalan Osmanov Azərbaycan Respublikasının prezidenti
İlham Əliyeva açıq məktub yazıb.
Osmanov yazdığı açıq məktubu “Marneuli” radiosuna göndərib. O,
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, İlham Əliyeva
yazdığı məktubda Azərbaycanın Gürcüstanla quru sərhədini açması ilə
bağlı müraciət ünvanlayıb.
Savalan Osmanov deyir ki, pandemiya səbəbindən sərhədlərin
bağlanması nəticəsində insanlar bir-birlərinin toy və yas
mərasimlərində iştirak edə bilmirlər. Onun sözlərinə görə, 1 ildən
artıqdır ki, atası Dərviş Osman Əhmədoğlu rəhmətə gedib. Lakin
Azərbaycanda yaşayan qohumlarının, dostlarının heç biri atasının
yas mərasimində iştirak edə bilməyib.
“İnsanların əksəriyyəti nə ölü, nə diri yerinə, nə də
ata-analarının xəstələndiyi zaman yanına gələ bilmirlər.
Məcburdurlar ki, hava yolu ilə gəlsinlər. Buna da imkan yoxdur. Bir
vətəndaş kimi həm də buradakı azərbaycanlılar adından mən
fikirləşdim ki, bu məktubu yazım. Mən bir vətəndaş kimi öz ağrımı,
acımı dilə gətirdim. Atamın yas mərasiminə öz doğma və dostları
gələ bilmədi. Bu tək mənim istəyim deyil, bunu hamı istəyir, bütün
xalqın diləyidir. Hamının yarı canı oradadır. Elə bir ailə yoxdur
ki, Azərbaycanda yaxını olmasın. Ya da ailənin yarısı orada, yarısı
burada olmasın. İllərdir, gələ bilmirlər. Düzdür, pandemiya bir
səbəb oldu, amma indi pandemiya bitmiş sayılır. Bütün dünyada
sərhədlər açılıb, sadəcə olaraq Azərbaycan açmayıb. Yenə də
gedib-gələnlər var, amma onlar da xüsusi icazə ilə gedib-gəlirlər.
Hava yolu açıqdır, lakin maddiyyat insanların rahat gedib-gəlməsinə
imkan vermir.”
Savalan Osmanovun prezident İlham Əliyevə yazdığı açıq məktubu
təqdim edirik:
“Azərbaycan dövlətinin prezidenti İlham Əliyev
cənablarına açıq məktub. Can insanın ruhudur. Bədəndə can olmazsa,
o bədən sadəcə ölüdən başqa bir şey deyildir. Hər bir canlının
bədənini hərəkət etdirən, beynini çalışdıran və ağlını işlədən
ancaq candır. Biz Borçalı qarapapaqlarıyıq. Qanımız türk qanıdır.
Ancaq bizi ayaqda tutan bir can, nəfəsimiz olan Odlar yurdu
Azərbaycandır. Bildiyiniz kimi Azərbaycan var olduqca biz də varıq.
Azərbaycan durduqca qəlbimizin döyüntüsü daima vuracaqdır. Hörmətli
Prezident İlham Əliyev cənabları, hər gedilən yol insanın ümididir.
Hər görünən yol arzuların hədəfidir. Biz Borçalılar hər zaman
vətənimiz olan Gürcüstanı nə qədər seviriksə, canımız olan Odlar
yurdunu da bir o qədər sevirik. Ona görə də, ürəyimizin bir teli
Azərbaycana, o biri teli də Gürcüstana bağlı olubdur. Məlum olduğu
kimi, bu tellərin biri qırılarsa, qəlbimiz döyünməz. Bildiyimiz
kimi son zamanlar bəlli səbəblərə görə haqlı olaraq tədbir
məqsədiylə yollar bağlanmışdır. Və pandemiya səbəbi ilə bu
bağlanmalar qohumları, qardaşları bir birindən uzaq salmışdır.
Cənab Prezident artıq pandemiyanın bitdiyi, ciddi təhlükənin
azaldığını görməkdə və şahidi olmaqdayıq. Borçalılar adından sizdən
bir xahişimiz vardır. Bu xahişimiz hər kəsin həsrətlə gözlədiyi
yolların, sərhədlərin açılmasıdır. Bu qapıların açılması isə sizin
bir göstərişinizə bağlıdır. Bu yollar açılsa, həsrət qalan
qohum-əqrəbalar qovuşar, neçə illərdir, vətəninə əli uzanmış qalan
insanlar arzularına çatıb, gəlib vətəninin, doğulduğu torpağın
qoxusunu alarlar. Əvvəlcədən sizlərə dərin təşəkkürümüzü və
sayğılarımızı bildiririk. İnanırıq ki, səsimizə səs
verəcəksiniz.
Hörmətlərlə: "DƏRVİŞ" Qeyri Hökumət Təşkilatının sədri Savalan
Osmanov.”
Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədlər
2020-ci ilin mart ayının 14-dən bağlıdır.
Gürcüstan Azərbaycanla quru sərhədini ötən ilin iyunun 1-dən açıb.
Azərbaycan isə Gürcüstanla sadəcə hava sərhədini açıb. Quru
sərhədlərin açılması ilə bağlı rəsmi məlumat yoxdur.