Bu gün, 9 iyun tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində
Marneulili jurnalistlərə və QHT sektoru nümayəndələrinə Gürcüstanın
Avropa və Avroatlantikaya inteqrasiya prosesləri ilə bağlı seminar
keçirilib.
NATO və Avropa İttifaqı Məlumat Mərkəzinin Kvemo Kartli nümayəndəsi
Temur Suğaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
bugünkü görüşdə əsasən çap və onlayn media nümayəndələri iştirak
edirdilər.
“Onlara azərbaycan dilində məlumat veriləcək. Bizim
Məlumat Mərkəzinin materiallarını tərcümə etmişik və onlara
paylanacaq. Düşünürük ki, sonra jurnalistlər özləri də Gürcüstanın
keçdiyi bu proseslərlə bağlı material hazırlayacaqlar. İndi
Gürcüstan üçün çox mühüm mərhələdir. Avropa Parlamenti dünən və bu
gün qətnamə üzərində işləyirdi. Həmin qətnamə Avropa Parlamentinin
Gürcüstana namizədlik statusu verilməsini dəstəkləyəcək. Ancaq
qərar qəbul edəcək olan Avropa Şurasıdır”, - Temo
Suğaşvili bildirdi.
NATO və Avropa İttifaqı Məlumat Mərkəzinin Kvemo Kartli nümayəndəsi
bildirdi ki, Gürcüstana namizəd statusu verilməsi çox böyük
əhəmiyyət daşıyır. Çünki Gürcüstan üçün tam fərqli yardıım səbəti
əlçatan olacaq.
“Bu gün biz assoisasiya olmuş üzvlərik. Şərq
Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edirik və bundan daha artığı
əlçatan olacaq. Bu halda islahatlar sürətləndiriləcək, bizim yerli
iqtisadiyyat güclənəcək və s. Ona görə bu proses çox vacibdir. Məhz
bu məsələlərlə bağlı bu gün media nümayəndələri ilə
görüşdük.”
NATO və Avropa İttifaqı haqqında seminarda Aktual medianın
nümayəndəsi Natela Əlləzova da iştirak edirdi. Əllazovanın
sözlərinə görə, yerli media üçün bu mövzularda məlumat vermək çox
mühümdür.
“Bilirik ki, media nə dərəcədə rol oynayır və ictimaiyyətlə
hakimiyyət, müxtəlif qurumlar arasında necə vasitəçidir. Yerli
əhalinin bu təşkilat, birlik haqqında məlumatı yoxdur. Bunun
Gürcüstanın inkişafı üçün böyük əhəmiyyəti var. Ona görə də media
üçün bu ittifaq barədə məlumat almaq vacibdir. Bundan sonra o,
auditoriyaya bu barədə müvafiq məlumat versin ki, əhali daha çox
məlumatlı olsun”, - Natela Əlləzova bildirdi.
Görüş NATO və Avropa İttifaqı Məlumat Mərkəzinin Kvemo Kartli
bürosunun və Marneuli Mülki Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə
baş tutub. Görüşün məqsədi media və QHT sektoru nümayəndələrinə
Avropa İttifaqı barədə məlumat verilməsidir.