Marneulili jurnalistlərə Avropa İttifaqı haqqında seminar keçirilib
Bu gün, 9 iyun tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində Marneulili jurnalistlərə və QHT sektoru nümayəndələrinə Gürcüstanın Avropa və Avroatlantikaya inteqrasiya prosesləri ilə bağlı seminar keçirilib.

NATO və Avropa İttifaqı Məlumat Mərkəzinin Kvemo Kartli nümayəndəsi Temur Suğaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bugünkü görüşdə əsasən çap və onlayn media nümayəndələri iştirak edirdilər.

“Onlara azərbaycan dilində məlumat veriləcək. Bizim Məlumat Mərkəzinin materiallarını tərcümə etmişik və onlara paylanacaq. Düşünürük ki, sonra jurnalistlər özləri də Gürcüstanın keçdiyi bu proseslərlə bağlı material hazırlayacaqlar. İndi Gürcüstan üçün çox mühüm mərhələdir. Avropa Parlamenti dünən və bu gün qətnamə üzərində işləyirdi. Həmin qətnamə Avropa Parlamentinin Gürcüstana namizədlik statusu verilməsini dəstəkləyəcək. Ancaq qərar qəbul edəcək olan Avropa Şurasıdır”, - Temo Suğaşvili bildirdi.

NATO və Avropa İttifaqı Məlumat Mərkəzinin Kvemo Kartli nümayəndəsi bildirdi ki, Gürcüstana namizəd statusu verilməsi çox böyük əhəmiyyət daşıyır. Çünki Gürcüstan üçün tam fərqli yardıım səbəti əlçatan olacaq.

“Bu gün biz assoisasiya olmuş üzvlərik. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edirik və bundan daha artığı əlçatan olacaq. Bu halda islahatlar sürətləndiriləcək, bizim yerli iqtisadiyyat güclənəcək və s. Ona görə bu proses çox vacibdir. Məhz bu məsələlərlə bağlı bu gün media nümayəndələri ilə görüşdük.”

NATO və Avropa İttifaqı haqqında seminarda Aktual medianın nümayəndəsi Natela Əlləzova da iştirak edirdi. Əllazovanın sözlərinə görə, yerli media üçün bu mövzularda məlumat vermək çox mühümdür.

“Bilirik ki, media nə dərəcədə rol oynayır və ictimaiyyətlə hakimiyyət, müxtəlif qurumlar arasında necə vasitəçidir. Yerli əhalinin bu təşkilat, birlik haqqında məlumatı yoxdur. Bunun Gürcüstanın inkişafı üçün böyük əhəmiyyəti var. Ona görə də media üçün bu ittifaq barədə məlumat almaq vacibdir. Bundan sonra o, auditoriyaya bu barədə müvafiq məlumat versin ki, əhali daha çox məlumatlı olsun”,
- Natela Əlləzova bildirdi.

Görüş NATO və Avropa İttifaqı Məlumat Mərkəzinin Kvemo Kartli bürosunun və Marneuli Mülki Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Görüşün məqsədi media və QHT sektoru nümayəndələrinə Avropa İttifaqı barədə məlumat verilməsidir.

"Marneuli" Radiosu
Print