Bu gün "Yenə də böyüyəcəklər"-in müəllifinin doğum günüdür
Bu gün, 10 iyun tarixində gürcü heykəltəraşı Merab Berdzenişvilinin doğum günüdür. Marneulinin girişində yerləşdirilmiş "Yenə də böyüyəcəklər" abidəsi Merab Berdzenişvili yaradıcılığının bir nümunəsidir.

Tuncdan hazırlanmış "Yenə də böyüyəcəklər" abidəsi 1975-ci ildə qoyulub. Heykəltəraş abidəni faşizm üzərində qələbənin 30 illiyinə həsr edib. 2017-ci ildə abidəyə mədəni irsi daşınmaz abidə statusu verilib.

Marneuli yerli özünüidarəsi 2019-cu ildə "Yenə də böyüyəcəklər"-in bərpasını həyata keçirib.

Genişmiqyaslı layihə nəticəsində abidənin ərazisində park da salınıb.

Marneulidə "Yenə də böyüyəcəklər" abidəsinin bərpası və ərazinin yenidənqurma işlərini "İntertexniloq" MMC iki mərhələdə, 1 092 328 lariyə hıyata keçirib. Bu gün abidənin ərazisində müxtəlif tədbirlər həyata keçirilir. Marneuli meriyası 26 May Gürcüstanın Müstəqillik Gününü məhz "Yenə də böyüyəcəklər" abidəsinin ərazisində keçirdi.

Bərpa və yenidənqurma işlərindən sonra abidənin ziyarətçiləri artıb. Abidənin həmişə çox sayda ziyarətçisi olub və o, Marneulinin vizit kartına çevrilib. Marneulilər məktəbi bitirən və ya toy zamanı məhz "Yenə də böyüyəcəklər" ərazisində fotosessiya edirlər .

Merab Berdzenişvili 1929-cu ildə 10 iyunda dünyaya gəlib. O, heykəltəraşlıqdan başqa qrafik və rəssamlıq sahəsində də işləyirdi. Portretlər, teatr afişaları və plakatlar hazırlayırdı. 1995-ci ildə Didqori heykəltəraşlıq-arxitektur memorialının yaradılmasına görə arxitektor Tamaz Qabunia ilə birlikdə Gürcüstan dövlət mükafatına layiq görülüb. Merab Berdzenişvili 2016-cı ilin 17 sentyabrında, 87 yaşında vəfat edib.



"Marneuli" Radiosu
Print