Azərbaycanın Gürcüstandakı səfirliyi Xuldərə və Mollaoğlu İcma Mərkəzlərinə Azərbaycandilli kitablar hədiyyə edib
Azərbaycanın Gürcüstandakı səfirliyi Mollaoğlu və Xuldərə İcma Mərkəzlərinə Azərbaycandilli kitablar hədiyyə edib. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Yeni Düşüncə İnstitutunun” təsisçilərindən Ariz Daşdəmirov verdi.

Onun sözlərinə görə, Marneulidə fəaliyyət göstərən bütün İcma Mərkəzlərinə səfirlik tərəfindən ümumilikdə 50-60-a yaxın kitab hədiyyə olunub. Daşdəmirov deyir ki, səfirlik tərəfindən onların hər iki mərkəzində fəaliyyət göstərən kitabxanalar kitabla təmin olunub.

“Sözün əsl mənasında kitablara hava, su kimi ehtiyacımız var idi. Çox dəyərli, elmi və bədii əsərlər hədiyyə olundu.”

O, deyir ki, onların icma mərkəzində kitab oxumağa maraq göstərən oxucuların sayı çoxluq təşkil edir. Bu səbəbdən də kitabların hədiyyə olunması oxucular üçün sevindirici haldır.

“Bizim mərkəzlərdə oxucu sayımız olduqca yüksəkdir. Hətta ətraf kəndlərdən də kitab aparıb-gətirənlər var. Gəncləri təşviq etmək üçün mərkəzimizdə oxu klublarımız var. Ona görə də oxucularımızın sayı gündən günə artır.”

Məlumat üçün bildirək ki, kitabların İcma Mərkəzlərinə paylanılmasının təşəbbüskarı mülki fəal Samirə Bayramovadır.

Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstanda yaşayan azərbaycanlılara ana dilində kitablar hədiyyə edib. Azərbaycan Mədəniyyət Nazirliyinin göndərdiyi Azərbaycan və dünya ədəbiyyatına aid 3 minə yaxın vəsait gənclər təşkilatları və icma mərkəzləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan səfirliyi Gürcüstandakı azərbaycanlı icmanı artıq növbəti dəfədir kitablarla təmin edir. Belə ki, ötən ilin oktyabrında səfirlik tərəfindən Marneuli və Qardabanidə fəaliyyət göstərən icma mərkəzlərinə 1 430 ədəd kitab hədiyyə olunub.

Ana dilində kitab çatışmazlığı məsələsi Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun ötən ilin iyulunda Gürcüstana səfəri çərçivəsində azərbaycanlı icmanın nümayəndələri ilə görüşü zamanı qaldırılıb.

Print Email
FaceBook Twitter Google