Gürcüstan Xalq Müdafiəçisi Aparatı Kvemo Kartlidə erkən/uşaq
yaşında evlənmənin zərərli təcrübəsi barədə araşdırma yayımlayıb.
Araşdırmanın məqsədi erkən yaşda evlənməyə dəstək olan
valideynlərin fikrinin və onlarda mövcud olan daha dərin səbəblərin
araşdırılmasıdır.
“Qeyd olunan qrupun davranışının mövcud və dərin
əsaslarını düzgün başa düşmək, dövlət qurumlarına, QHT sektoruna və
mülki fəal qruplarına analiz etməkdə, növbəti addımı
planlaşdırmaqda, həyata keçirməkdə yardım edəcək. Qeyd edək ki,
erkən yaşda evlilik məsələləri ilə bağlı aparılmış çox sayda
araşdırmalara baxmayaraq, belə kiçik fokus qrupla araşdırma ilk
dəfə aparılıb”.
Araşdırmaya əsasən, erkən yaşda evlilik təcrübəsi olan şəxslər
hesab edirlər ki, onların ətrafında bu təcrübə hələ də güclü
şəkildə var. Ancaq düşünürlər ki, son illər ərzində erkən yaşda
evlilik halları hiss olunacaq dərəcədə azalıb.
Araşdırmada dövlət qurumları və icma üzvlərinin erkən yaşda
evliliklə bağlı münasibətləri də qeyd olunub. Gənclər və
valideynlərin münasibəti ilə yanaşı araşdırmada erkən yaşda
evlənmiş qadınların münasibəti də vurğulanıb.
Erkən yaşda evlilik qurbanı olan qadınlar hesab edirlər ki, erkən
yaşda evliliyin əsas səbəbləri kasıblıq, təhsildə
problemlər/perspektivsizlik, patriarxat və yanlış ənənələrdir.
“Əksər hallarda qızlar çox ciddi və qapalı mühitdə
böyüyürlər. Buradan azad olmaq istəyirlər. Toy və ondan sonrakı
dövr çox romantikləşdirilib. Qəribədir, sən özünü daha dəyərli hiss
edirsən. Çünki ictimaiyyət sənə başqa cür baxır, sənin fikrini
soruşurlar. Eləcə də pedaqoqların gənclərə yanaşması, mən düşünürəm
ki, problemlidir. Əksər hallarda müəllimlər yeniyetmələrdə təhsilə
həvəs yarada bilmirlər və təhsil almayanda və ya ala bilməyəndə
ikinci qaçılmaz alternativ yaranır – evlilik”, –
erkən yaşda evlilik təcrübəsi olan 20 yaşlı qadın öz müsahibəsində
bildirir.
Valideynlər, ictimaiyyət, məktəb və hüquq mühafizə orqanları –
araşdırma zamanı sorğuda iştirak edən qadınlar bildirirlər ki,
erkən evlilik məhz bu qrupların laqeydliyinə, fəaliyyətsizliyinə
görə baş verir.
“Mən bilirdim ki, yaşadığım coğrafi arealda polislərin əksəriyyəti
qohumdur. Ona görə polisə zəng vursam da, bilirdim ki, həmin
qohumluq bağı məsələni özləri istədiyi kimi həll edəcək. Bilirdim
ki, mənim səsimi və fikrimi heç vaxt dinləməyəcəklər. Ona görə zəng
vurmağın nə mənası var idi, məni kim qoruyacaqdı?! Yekunda məni pis
övlad kimi damğalayacaqdılar. Bu məsələdə, təəssüf ki, qanun nə
qədər güclü olsa da, sənin ailə əlaqələrin daha güclü ola bilər və
həmin qanundan yan keçə bilər”, – erkən yaşda evlilik
təcrübəsi olan 22 yaşlı qadın öz müsahibəsində bildirir.
“Məni 15 yaşımda evləndiriblər. Düzünü desəm, o zaman
sevinirdim. Valideynlərim, yəqin, düşünürdülər ki, mənim üçün ən
yaxşı qərarı qəbul ediblər. Sonra ağır ailə yükü, uşaqlar oldu.
Yoldaşım da çox gənc idi. Erkən evlilik çox çətindir. İndi qərar
vermişəm ki, başqa imkanlar da var və övladımı erkən yaşda
evləndirməyi düşünmürəm. Təhsil almalıdır. Görürəm ki, çox şey
başqa cür də ola bilər. Mən uşaq olanda nə özüm, nə valideynlərim
başqa imkanları görmürdük”, – erkən yaşda
evləndirilmiş 30 yaşlı qadın öz müsahibəsində qeyd edir.
Erkən yaşda evlilik təcrübəsi olan daha bir qadın xatırlayır ki,
evləndikdən sonra məktəbə getməyib, məktəb rəhbərliyi isə onunla
maraqlanmayıb.
“Bizim məktəbdə bu məsələ ilə bağlı hansısa məlumatlandırıcı görüş
keçirildiyini xatırlamıram. Əksinə, məktəb özü də bu faktlara göz
yumur. 9-cu sinifdə idim, məktəbi tərk etdim. Səbəbi ilə heç kim
maraqlanmadı. Bilirdilər ki, məni evləndiriblər. Amma məktəb
rəhbərliyi tərəfindən heç bir addım atılmadı. Ancaq buna necə də
ümid edirdim. Həm də mənim məktəbim guya şəhərin ən yaxşı məktəbi
idi”, – erkən yaşda evləndirilmiş 22 yaşlı qadın öz
müsahibəsində bildirir.
Araşdırmaya görə, erkən yaşda evlilik təcrübəsi olan bütün
müsahiblər bunu mənfi qiymətləndirirlər. Onlar istəyirlər ki, buna
qarşı çıxsınlar. Amma onların imkan və gücü əksər hallarda
məhdudlaşdırılıb.
“Müşahidə edirəm ki, mənim qohumlarım şagirddir. Bir vaxt tam
distant rejimdə təhsil alırdılar. Özləri də, valideynləri də
tamamilə unutmuşdular ki, onlar şagirddirlər. Həmin dövrdə əmim
böyük övladını evləndirmək istəyirdi. Öz təcrübəmdən irəli gələrək,
buna ən çox qarşı çıxan mən idim. İndi də onun təhsili üçün hər şey
edirəm”, – erkən yaşda evləndirilmiş 24 yaşlı qadın
öz müsahibəsində deyir.
Araşdırma Gürcüstan Xalq Müdafiəçisi Aparatı tərəfindən, “Salam”
platforması ilə əməkdaşlıqla BMT-nin Əhali Fondunun (UNFPA)
Gürcüstan ofisinin dəstəyi ilə BMT-nin “Gender bərabərliyi” vahid
proqramı çərçivəsində aparılıb. Layihə İsveç hökumətinin maddi
dəstəyi ilə həyata keçirilir.