Bilirdim ki, mənim səsimi və fikrimi heç vaxt dinləməyəcəklər – erkən yaşda evləndirilmiş qadınlar məcburi evlilik barədə
Gürcüstan Xalq Müdafiəçisi Aparatı Kvemo Kartlidə erkən/uşaq yaşında evlənmənin zərərli təcrübəsi barədə araşdırma yayımlayıb. Araşdırmanın məqsədi erkən yaşda evlənməyə dəstək olan valideynlərin fikrinin və onlarda mövcud olan daha dərin səbəblərin araşdırılmasıdır.

“Qeyd olunan qrupun davranışının mövcud və dərin əsaslarını düzgün başa düşmək, dövlət qurumlarına, QHT sektoruna və mülki fəal qruplarına analiz etməkdə, növbəti addımı planlaşdırmaqda, həyata keçirməkdə yardım edəcək. Qeyd edək ki, erkən yaşda evlilik məsələləri ilə bağlı aparılmış çox sayda araşdırmalara baxmayaraq, belə kiçik fokus qrupla araşdırma ilk dəfə aparılıb”.

Araşdırmaya əsasən, erkən yaşda evlilik təcrübəsi olan şəxslər hesab edirlər ki, onların ətrafında bu təcrübə hələ də güclü şəkildə var. Ancaq düşünürlər ki, son illər ərzində erkən yaşda evlilik halları hiss olunacaq dərəcədə azalıb.

Araşdırmada dövlət qurumları və icma üzvlərinin erkən yaşda evliliklə bağlı münasibətləri də qeyd olunub. Gənclər və valideynlərin münasibəti ilə yanaşı araşdırmada erkən yaşda evlənmiş qadınların münasibəti də vurğulanıb.

Erkən yaşda evlilik qurbanı olan qadınlar hesab edirlər ki, erkən yaşda evliliyin əsas səbəbləri kasıblıq, təhsildə problemlər/perspektivsizlik, patriarxat və yanlış ənənələrdir.

“Əksər hallarda qızlar çox ciddi və qapalı mühitdə böyüyürlər. Buradan azad olmaq istəyirlər. Toy və ondan sonrakı dövr çox romantikləşdirilib. Qəribədir, sən özünü daha dəyərli hiss edirsən. Çünki ictimaiyyət sənə başqa cür baxır, sənin fikrini soruşurlar. Eləcə də pedaqoqların gənclərə yanaşması, mən düşünürəm ki, problemlidir. Əksər hallarda müəllimlər yeniyetmələrdə təhsilə həvəs yarada bilmirlər və təhsil almayanda və ya ala bilməyəndə ikinci qaçılmaz alternativ yaranır – evlilik”, – erkən yaşda evlilik təcrübəsi olan 20 yaşlı qadın öz müsahibəsində bildirir.

Valideynlər, ictimaiyyət, məktəb və hüquq mühafizə orqanları – araşdırma zamanı sorğuda iştirak edən qadınlar bildirirlər ki, erkən evlilik məhz bu qrupların laqeydliyinə, fəaliyyətsizliyinə görə baş verir.

“Mən bilirdim ki, yaşadığım coğrafi arealda polislərin əksəriyyəti qohumdur. Ona görə polisə zəng vursam da, bilirdim ki, həmin qohumluq bağı məsələni özləri istədiyi kimi həll edəcək. Bilirdim ki, mənim səsimi və fikrimi heç vaxt dinləməyəcəklər. Ona görə zəng vurmağın nə mənası var idi, məni kim qoruyacaqdı?! Yekunda məni pis övlad kimi damğalayacaqdılar. Bu məsələdə, təəssüf ki, qanun nə qədər güclü olsa da, sənin ailə əlaqələrin daha güclü ola bilər və həmin qanundan yan keçə bilər”,
– erkən yaşda evlilik təcrübəsi olan 22 yaşlı qadın öz müsahibəsində bildirir.

“Məni 15 yaşımda evləndiriblər. Düzünü desəm, o zaman sevinirdim. Valideynlərim, yəqin, düşünürdülər ki, mənim üçün ən yaxşı qərarı qəbul ediblər. Sonra ağır ailə yükü, uşaqlar oldu. Yoldaşım da çox gənc idi. Erkən evlilik çox çətindir. İndi qərar vermişəm ki, başqa imkanlar da var və övladımı erkən yaşda evləndirməyi düşünmürəm. Təhsil almalıdır. Görürəm ki, çox şey başqa cür də ola bilər. Mən uşaq olanda nə özüm, nə valideynlərim başqa imkanları görmürdük”, – erkən yaşda evləndirilmiş 30 yaşlı qadın öz müsahibəsində qeyd edir.

Erkən yaşda evlilik təcrübəsi olan daha bir qadın xatırlayır ki, evləndikdən sonra məktəbə getməyib, məktəb rəhbərliyi isə onunla maraqlanmayıb.

“Bizim məktəbdə bu məsələ ilə bağlı hansısa məlumatlandırıcı görüş keçirildiyini xatırlamıram. Əksinə, məktəb özü də bu faktlara göz yumur. 9-cu sinifdə idim, məktəbi tərk etdim. Səbəbi ilə heç kim maraqlanmadı. Bilirdilər ki, məni evləndiriblər. Amma məktəb rəhbərliyi tərəfindən heç bir addım atılmadı. Ancaq buna necə də ümid edirdim. Həm də mənim məktəbim guya şəhərin ən yaxşı məktəbi idi”,
– erkən yaşda evləndirilmiş 22 yaşlı qadın öz müsahibəsində bildirir.

Araşdırmaya görə, erkən yaşda evlilik təcrübəsi olan bütün müsahiblər bunu mənfi qiymətləndirirlər. Onlar istəyirlər ki, buna qarşı çıxsınlar. Amma onların imkan və gücü əksər hallarda məhdudlaşdırılıb.

“Müşahidə edirəm ki, mənim qohumlarım şagirddir. Bir vaxt tam distant rejimdə təhsil alırdılar. Özləri də, valideynləri də tamamilə unutmuşdular ki, onlar şagirddirlər. Həmin dövrdə əmim böyük övladını evləndirmək istəyirdi. Öz təcrübəmdən irəli gələrək, buna ən çox qarşı çıxan mən idim. İndi də onun təhsili üçün hər şey edirəm”,
– erkən yaşda evləndirilmiş 24 yaşlı qadın öz müsahibəsində deyir.

Araşdırma Gürcüstan Xalq Müdafiəçisi Aparatı tərəfindən, “Salam” platforması ilə əməkdaşlıqla BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin dəstəyi ilə BMT-nin “Gender bərabərliyi” vahid proqramı çərçivəsində aparılıb. Layihə İsveç hökumətinin maddi dəstəyi ilə həyata keçirilir.

"Marneuli" Radiosu
Print