Gürcüstan Xalq Müdafiəçisi Aparatının Kvemo Kartlidə apardığı
erkən/uşaq yaşda evliliyin zərərli təcrübəsi ilə bağlı araşdırmaya
görə, erkən yaşda evlilik məsələsinə əksər dövlət qurumlarının
münasibəti, əhval-ruhiyyəsi və dəyişiklik nəzəriyyələri kontekstdən
uzaqlaşıb, əksər hallarda onların yanlış inancına əsaslanır.
“Dövlət qurumlarında işlə təmin edilmiş adamların əksəriyyəti etnik
gürcülərdir. Görüşlər zamanı aydın oldu ki, onların əksəriyyəti
qeyri-dominant etnik qrupları özündən uzaq hesab edir. Erkən yaşda
evlilik məsələsini etnik azlıqların dini, mədəniyyəti, onların
geridə qalmışlığı, təhsilsizliyi ilə əlaqələndirirlər. Bu halda isə
icma üzvləri bu təcrübəni sosial-iqtisadi problemlər,
perspektivsizlik, adət-ənənələr və patriarxatla əlaqələndirirlər.
Erkən /uşaq yaşda evliliyin zərərli təcrübəsi ilə bağlı araşdırmada
dövlət qurumları və icma üzvlərinin erkən evliliyə münasibəti qeyd
olunub. Araşdırma çərçivəsində Kvemo Kartlinin 7 bələdiyyəsində
mövcud olan Gender Bərabərliyi Şurasının üzvləri ilə görüşlər
keçirilib. Onlarla söhbət nəticəsində isə aydın olub ki, şura
üzvlərinin əksəriyyəti etnik gürcüdür və əksər hallarda yerlərdə
mövcud olan ehtiyaclar, problemlər, narahatçılıqlarla bağlı
məlumatları olmur. Araşdırmada qeyd olunub ki, şura üzvlərində
əksər hallarda səriştəsizlik olub. Onların əksəriyyətinin
təsəvvürünə görə, erkən evlilik yalnız Gürcüstanın azərbaycanlı
icmasına məxsus olan haldır. Araşdırmada eləcə də qeyd olunub ki,
şura üzvlərində qeyri-dominant etnik qruplar barədə yanlış inanclar
və stereotiplər xüsusilə güclüdür.
“Qeyd etmək lazımdır ki, Gender Bərabərliyi Şurası üzvlərinin
əksəriyyəti erkən yaşda evlilik barədə məlumat almaq üçün necə
işlədikləri barədə suala cavab verməkdə çətinlik çəkirlər. Şura
üzvlərinin, əksər hallarda öz baxışları var idi. Əgər erkən evlilik
barədə məlumat əldə etsələr, nə edərdilər, ancaq belə təcrübələri
olmayıb. Əsas hallarda aşkarlanmış stereotipli baxışlar bunu deməyə
imkan verir ki, bu məsələ üzərində işləmək ehtiyacını müvafiq
dərəcədə görmürlər. Qeyd etmək lazımdır ki, əhalinin özü Gender
Bərabərliyi Şuralarının mövcud olması və fəaliyyəti barədə
məlumatlı deyil. Müvafiq olaraq şuraya da müraciət edə bilməzlər.
Şura üzvləri əksər hallarda bildirirlər ki, erkən və uşaq
evlilikləri barədə məlumatı ətrafdan, nəqliyyatla gedən zaman və ya
başqa məkanlarda alırlar. Ancaq heç bir bələdiyyədə şuraya müraciət
hallarına rast gəlmirik. Bələdiyyələrə görə, şuraların fəaliyyəti
demək olar eynidir. Bu baxımdan Marneuli bələdiyyəsi bir az
fərqlənir. Ancaq özünüidarə və Gender Bərabərliyi Şurasının bu
məsələ üzərində işləmə strategiyası, yaxud başqa baxışı yoxdur”,
– araşdırmada yazılıb.
Araşdırmaya əsasən, erkən evlilik barədə validyenlərin münasibəti
haqqında danışan zaman Gender Bərabərliyi Şurasının üzvləri
bildirirlər ki, erkən evlilik qeyri-dominant etnik, dini qrup
nümayəndəsi olan valideynlərin “geridə qalmışlığının”,
təhsilsizliyinin, mədəniyyətin, ənənələrin, adətlərin nəticəsidir.
Araşdırmaya görə, şura üzvlərinin bir qismi özü bildirirdi ki, əgər
erkən evlilik barədə məlumat alsalar, müvafiq qurumlara müraciət
etməzdilər. Çünki ailələri bədbəxt etmək və dağıtmaq
istəmirlər.
“Şura üzvlərinin Gender Şurasının əhəmiyyətini və funksiyasını dərk
etməməsi mühüm məsələdir. Onların sözlərinə görə, erkən evlilik
hallarında “böyük iş görə bilmirlər” və öz rollarını yalnız
məlumatlandırıcı görüşlər keçirməkdə görürlər. Şura üzvlərinin
əksəriyyəti istinad proseduraları haqqında məlumatsızdır. Digər
dövlət qurumları ilə az əməkdaşlıq edirlər və qurumlar arasında
koordinasiyalı fəaliyyət də problemlidir”, –
araşdırmada qeyd olunub.
Gürcüstanın Xalq Müdafiəçisi dövləti qeyri-dominant etnik və dini
qrupların yaşamı, mədəniyyəti, kimliyi barədə dövlət məmurlarını
məlumatlandırmağa, onların həssaslığının gücləndirilməsi üzərində
işləməyə çağırıb. Xalq Müdafiəçisi eləcə də dövləti etnik
azlıqların dövlət qurumlarında işlə təmin edilməsinə dəstək barədə
düşünməyə çağırıb. Bu bir tərəfdən icma daxilində ali təhsili olan
gənclərin sayını artıracaq, digər tərəfdən isə qurumların bilgi və
həssaslığını gücləndirəcək.
Araşdırma Gürcüstan Xalq Müdafiəçisi Aparatı tərəfindən, “Salam”
platforması ilə əməkdaşlıqla BMT-nin Əhali Fondunun (UNFPA)
Gürcüstan ofisinin dəstəyi ilə BMT-nin “Gender bərabərliyi üçün”
vahid proqramı çərçivəsində, İsveç hökumətinin maddi dəstəyi ilə
həyata keçirilir.