Gender Bərabərliyi Şurasının üzvlərində etnik azlıqlarla bağlı yanlış inanclar və stereotiplər güclüdür – Xalq Müdafiəçisinin araşdırması
Gürcüstan Xalq Müdafiəçisi Aparatının Kvemo Kartlidə apardığı erkən/uşaq yaşda evliliyin zərərli təcrübəsi ilə bağlı araşdırmaya görə, erkən yaşda evlilik məsələsinə əksər dövlət qurumlarının münasibəti, əhval-ruhiyyəsi və dəyişiklik nəzəriyyələri kontekstdən uzaqlaşıb, əksər hallarda onların yanlış inancına əsaslanır.

“Dövlət qurumlarında işlə təmin edilmiş adamların əksəriyyəti etnik gürcülərdir. Görüşlər zamanı aydın oldu ki, onların əksəriyyəti qeyri-dominant etnik qrupları özündən uzaq hesab edir. Erkən yaşda evlilik məsələsini etnik azlıqların dini, mədəniyyəti, onların geridə qalmışlığı, təhsilsizliyi ilə əlaqələndirirlər. Bu halda isə icma üzvləri bu təcrübəni sosial-iqtisadi problemlər, perspektivsizlik, adət-ənənələr və patriarxatla əlaqələndirirlər. Erkən /uşaq yaşda evliliyin zərərli təcrübəsi ilə bağlı araşdırmada dövlət qurumları və icma üzvlərinin erkən evliliyə münasibəti qeyd olunub. Araşdırma çərçivəsində Kvemo Kartlinin 7 bələdiyyəsində mövcud olan Gender Bərabərliyi Şurasının üzvləri ilə görüşlər keçirilib. Onlarla söhbət nəticəsində isə aydın olub ki, şura üzvlərinin əksəriyyəti etnik gürcüdür və əksər hallarda yerlərdə mövcud olan ehtiyaclar, problemlər, narahatçılıqlarla bağlı məlumatları olmur. Araşdırmada qeyd olunub ki, şura üzvlərində əksər hallarda səriştəsizlik olub. Onların əksəriyyətinin təsəvvürünə görə, erkən evlilik yalnız Gürcüstanın azərbaycanlı icmasına məxsus olan haldır. Araşdırmada eləcə də qeyd olunub ki, şura üzvlərində qeyri-dominant etnik qruplar barədə yanlış inanclar və stereotiplər xüsusilə güclüdür.


“Qeyd etmək lazımdır ki, Gender Bərabərliyi Şurası üzvlərinin əksəriyyəti erkən yaşda evlilik barədə məlumat almaq üçün necə işlədikləri barədə suala cavab verməkdə çətinlik çəkirlər. Şura üzvlərinin, əksər hallarda öz baxışları var idi. Əgər erkən evlilik barədə məlumat əldə etsələr, nə edərdilər, ancaq belə təcrübələri olmayıb. Əsas hallarda aşkarlanmış stereotipli baxışlar bunu deməyə imkan verir ki, bu məsələ üzərində işləmək ehtiyacını müvafiq dərəcədə görmürlər. Qeyd etmək lazımdır ki, əhalinin özü Gender Bərabərliyi Şuralarının mövcud olması və fəaliyyəti barədə məlumatlı deyil. Müvafiq olaraq şuraya da müraciət edə bilməzlər. Şura üzvləri əksər hallarda bildirirlər ki, erkən və uşaq evlilikləri barədə məlumatı ətrafdan, nəqliyyatla gedən zaman və ya başqa məkanlarda alırlar. Ancaq heç bir bələdiyyədə şuraya müraciət hallarına rast gəlmirik. Bələdiyyələrə görə, şuraların fəaliyyəti demək olar eynidir. Bu baxımdan Marneuli bələdiyyəsi bir az fərqlənir. Ancaq özünüidarə və Gender Bərabərliyi Şurasının bu məsələ üzərində işləmə strategiyası, yaxud başqa baxışı yoxdur”, –
araşdırmada yazılıb.

Araşdırmaya əsasən, erkən evlilik barədə validyenlərin münasibəti haqqında danışan zaman Gender Bərabərliyi Şurasının üzvləri bildirirlər ki, erkən evlilik qeyri-dominant etnik, dini qrup nümayəndəsi olan valideynlərin “geridə qalmışlığının”, təhsilsizliyinin, mədəniyyətin, ənənələrin, adətlərin nəticəsidir. Araşdırmaya görə, şura üzvlərinin bir qismi özü bildirirdi ki, əgər erkən evlilik barədə məlumat alsalar, müvafiq qurumlara müraciət etməzdilər. Çünki ailələri bədbəxt etmək və dağıtmaq istəmirlər.

“Şura üzvlərinin Gender Şurasının əhəmiyyətini və funksiyasını dərk etməməsi mühüm məsələdir. Onların sözlərinə görə, erkən evlilik hallarında “böyük iş görə bilmirlər” və öz rollarını yalnız məlumatlandırıcı görüşlər keçirməkdə görürlər. Şura üzvlərinin əksəriyyəti istinad proseduraları haqqında məlumatsızdır. Digər dövlət qurumları ilə az əməkdaşlıq edirlər və qurumlar arasında koordinasiyalı fəaliyyət də problemlidir”, –
araşdırmada qeyd olunub.

Gürcüstanın Xalq Müdafiəçisi dövləti qeyri-dominant etnik və dini qrupların yaşamı, mədəniyyəti, kimliyi barədə dövlət məmurlarını məlumatlandırmağa, onların həssaslığının gücləndirilməsi üzərində işləməyə çağırıb. Xalq Müdafiəçisi eləcə də dövləti etnik azlıqların dövlət qurumlarında işlə təmin edilməsinə dəstək barədə düşünməyə çağırıb. Bu bir tərəfdən icma daxilində ali təhsili olan gənclərin sayını artıracaq, digər tərəfdən isə qurumların bilgi və həssaslığını gücləndirəcək.

Araşdırma Gürcüstan Xalq Müdafiəçisi Aparatı tərəfindən, “Salam” platforması ilə əməkdaşlıqla BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin dəstəyi ilə BMT-nin “Gender bərabərliyi üçün” vahid proqramı çərçivəsində, İsveç hökumətinin maddi dəstəyi ilə həyata keçirilir.
"Marneuli" Radiosu
Print