Marneulidə “Sağlamlıq üçün hərəkət et” kampaniyasının yekun görüşü və ideyaton keçirildi (FOTO)
17 iyun tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə qeyri-formal təhsil üzrə işləyən Kant Akademiyası və BMT-nin Uşaq Fondunun “Sağlamlıq üçün hərəkət et” kampaniyasının yekun görüşü və ideyaton keçirildi. Kovid-19 pandemiyasının nəticələrinə cavab olaraq Kant Akademiyası və BMT-nin Uşaq Fondu Gürcüstanın 5 regionunda yaşayan gənclər üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Sağlamlıq üçün hərəkət et” kampaniyasını həyata keçirdi.


Layihə Marneulidə “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi” və “Kant Akademiyası”nın əməkdaşlığı çərçivəsində baş tutdu. “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin icraçı direktoru Orxan Pirverdiyevin sözlərinə görə, bu layihədə yalnız mərkəzin tələbələri iştirak edirdi və onlar təlimlərdə yüksək təcrübələr əldə etdilər.

“Layihə çərçivəsində “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin 50-yə yaxın gənci müxtəlif mövzular üzrə təlimlərdə iştirak etdi. Onlara gigiyena, sahibkarlıq, liderlik və sağlam həyat tərzi ilə bağlı təlimlər keçirildi. Marneuli üzrə və Kvemo Kartli bölgəsində Kant Akademiyası ilə əməkdaşlığı yalnız “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi” etdi”, – Orxan Pirverdiyev dedi.


Layihənin məqsədi yeniyetmələrdə sağlam həyat tərzinin populyarlaşdırılması və gigiyena prinsipləri barədə məlumatlandırma səviyyəsinin artırılması vasitəsi ilə pandemiyanın yayılmasının qarşının alınmasıdır.

Təşəbbüs çərçivəsində Axaltsixe, Çiatura, Marneuli, Pankisi və Şida Kartlinin sərhədyanı kəndlərindən olan 13-dən 18 yaşa qədər yeniyetmələrə mental və duyğusal transformasiya, sağlam həyat tərzi, təhlükəsiz gigyenanın əhəmiyyəti barədə təlimlər keçirildi. Bundan əlavə, gənclər sahibkarlıq və marketinqin əsas prinsipləri ilə tanış olmaq imkanı əldə etdilər.


“Kant Akademiyası"nın təsisçilərindən olan Marexi Qvaramadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildiri ki, onlar gənclərə maraqlı ideyalar təqdim etdilər və iştirakçılar həmin ideyaları müsbət qarşıladılar.

“Bu proqramın məqsədi gənclərdə sağlam həyat tərzinin populyarlaşdırılmasıdır. Biz artıq ikinci dəfədir, Marneuliyə gəlmişik. İki günlük təlim keçirdik. Məqsəd gənclərdə sağlam həyat tərzinin populyarlaşdırılması və sahibkarlıq baxışlarının inkişaf etdirilməsidir. Yeniyetmələrə özlərinin sağlamlıqla əlaqədar məhsulları, məsələn, sabunu necə yarada biləcəklərini öyrədirik. Gənclər eləcə də çox maraqlı eksperimentlərin iştirakçısı oldular. Bu gün ideyatonumuz olacaq. Yəni gənclərin məhz sağlam həyat tərzi mövzusunda yaratdğı ideyaları müzakirə edəcəyik. Layihə çox uğurludur. Sevinirik ki, Marneuli bu layihəyə fəal şəkildə qoşulacaq. Azərbaycanlılar İttifaqı bu layihənin yerli səviyyədə tərəfdaşıdır. Fəal, maraqlı gənclər var. Maraqlı ideyalar təqdim etdilər. Biz gələcəkdə Marneulili gənclərlə daha fəal əməkdaşlıq etməyi planlaşdırırıq”, – Marexi Qvaramadze dedi.


Layihə həmyaşıdların təhsil komponentini nəzərdə tutur. Proqramın gedişatı zamanı 50 “Səhiyyə sahibkarı” hazırlandı. Onlar öz icmasında, kənd və ya şəhərdə həmyaşıdları ilə məlumat xarakterli görüşlər keçirdilər və onlara sağlam həyat tərzi, şəxsi gigiyenanın müasir yanaşmaları ilə tanış etdilər.

Akademiyanın təsisçisinin sözlərinə görə, Gürcüstanda ilk dəfə təşəbbüs çərçivəsində Kant Akademiyası fərdi inkişaf modulu yaradıb.

“Həmin modul insanın üç intellektini nəzərdə tutur: Mental və eləcə də fiziki sağlamlıq istiqamətində sağlam həyat tərzinin kəskin fundamentini yaradan ağıl və bədənin transformasiyası. Məhz qeyd olunan modul çərçivəsində ilk dəfə fərdi inkişaf proqramı kontekstində fiziki fəaliyyətlər tətbiq olunub və gənclərə bədən tərbiyəsi barədə nəzəri sessiyalar keçirildi. Sessiyalarda fiziki məşqlərin əsas yanaşmalarını öyrəndilər”, – Marexi Qvaramadze bildirdi.


Layihənin yekun mərhələsində ideyatonlar keçirildi və gənclər əldə etdikləri biliklərdən irəli gələrək, komanda şəklində ideyalar təqdim etdilər. Həmin ideyalar sağlam həyat tərzi ilə əlaqədar oldu. Təlimdə iştirak edən gənclər bildirdilər ki, bu cür layihələr onların inkişafına müsbət təsir göstərir.

“Bu görüş çox maraqlı idi. Biz burdan başqa-başqa bir şeylər öyrəndik. Mən düşünürəm ki, bu cür layihələr olsa, daha yaxşı olar. Məsələn, biz daha çox öyrənərik. Mən burda ingilis kursuna gəlirəm. Bizə belə bir xəbər gəldi ki, bu cür layihə var. Mən də qatıldım”, – Şərif Səfərov dedi.

“Hər şey çox maraqlıdır. Bu gün layihə hazırladıq. Hər bir iştirakçının öz qrupu var. Bizim qrup sağlamlıq barədə layihə hazırladı”, – tədbirdə iştirak edən tələbə bildirdi.


Qeyd edək ki, Marneulidən layihəyə 50-ə yaxın gənc qoşulub. Ümumilikdə isə 5 regiondan 1 500-ə yaxın gənc iştirak edirdi.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google