Dmanisi bələdiyyəsinin Mtisdziri kəndində daxili yollar çəkilməyib.
Yağış yağan zaman kənd əhalisi hərəkət etməkdə çətinlik çəkir.
Çünki yol sıradan çıxıb.
“Salam” platforması 18 iyun tarixində Mtisdziri kəndində yaşayan
uşaqlara kitablar hədiyyə edib.
“Bildiyiniz kimi, 1 iyunda #kitabhədiyyəet
kampaniyasına başladıq. Bu kampaniya çərçivəsində bu gün Dmanisi
bələdiyyəsinin dağlıq kəndlərinə getdik və toplanmış pulla alınan
kitabları uşaqlara hədiyyə etdik”, – təşkilatın
bəyanatına deyilir.
“Salam”-ın yayımladığı fotolardan daxili yolların olmamasının
sakinlər üçün necə böyük problem olduğu aydın görünür. Salamın
üzvləri bildirirlər ki, Mtisdziri sakinləri üçün təbii qazın
olmaması da problemdir.
“Marneuli” radiosu Dmanisi meriyasının Mtsidziriyə daxili yolların
çəkilməsini, qazlaşdırmanı planlaşdırıb-planlaşdırmadığı ilə
maraqlandı. Bununla bağlı bələdiyyə meri Koba Muradaşvilidən
müsahibə aldıq.
“İki kənddə SOCAR-la razılıqla qazlaşdırma layihəsi
həyata keçirilir. Bunun üçün SOCAR-a minnətdarlığımızı bildiririk.
Tezliklə Mtisdziri kəndində də təbii qaz olacaq. Ancaq konkret vaxt
deyə bilmərəm. Eləcə də Dmanisi bələdiyyəsində 44 milyon lari
dəyərində olan Maşavera içməli su layhəsi həyata keçirilir. Həmin
layihəyə əsasən, Dmanisi bələdiyyəsinin 20 kəndinə içməli su
veriləcək. Layihə çərçivəsində köhnə boruları çıxarmaq və yenisini
çəkmək nəzərdə tutulur. Bunun üçün kənd yolları qazılmalıdır. Qeyd
olunan layihə təxminən iki illikdir və o başa çatdıqdan sonra artıq
kəndə gedən və kəndin daxili yollarının bərpası mümkün
olacaq”, – Dmanisi meri Koba Muradaşvili dedi.
Dmanisi merinin sözlərinə görə, bələdiyyə miqyasında kəndlərin
daxili yollar problemi demək olar, hər yerdə var. O, bildirir ki,
Mtisdziriyə gedən yol artıq çəkilib, daxili yolların çəkilməsini
isə içməli su layihəsi başa çatdıqdan sonra düşünürlər.