Dmanisinin Mtisdziri kəndində daxili yolların çəkilməsi içməli su layihəsindən asılıdır
Dmanisi bələdiyyəsinin Mtisdziri kəndində daxili yollar çəkilməyib. Yağış yağan zaman kənd əhalisi hərəkət etməkdə çətinlik çəkir. Çünki yol sıradan çıxıb.

“Salam” platforması 18 iyun tarixində Mtisdziri kəndində yaşayan uşaqlara kitablar hədiyyə edib.

“Bildiyiniz kimi, 1 iyunda #kitabhədiyyəet kampaniyasına başladıq. Bu kampaniya çərçivəsində bu gün Dmanisi bələdiyyəsinin dağlıq kəndlərinə getdik və toplanmış pulla alınan kitabları uşaqlara hədiyyə etdik”, – təşkilatın bəyanatına deyilir.

“Salam”-ın yayımladığı fotolardan daxili yolların olmamasının sakinlər üçün necə böyük problem olduğu aydın görünür. Salamın üzvləri bildirirlər ki, Mtisdziri sakinləri üçün təbii qazın olmaması da problemdir.

“Marneuli” radiosu Dmanisi meriyasının Mtsidziriyə daxili yolların çəkilməsini, qazlaşdırmanı planlaşdırıb-planlaşdırmadığı ilə maraqlandı. Bununla bağlı bələdiyyə meri Koba Muradaşvilidən müsahibə aldıq.

“İki kənddə SOCAR-la razılıqla qazlaşdırma layihəsi həyata keçirilir. Bunun üçün SOCAR-a minnətdarlığımızı bildiririk. Tezliklə Mtisdziri kəndində də təbii qaz olacaq. Ancaq konkret vaxt deyə bilmərəm. Eləcə də Dmanisi bələdiyyəsində 44 milyon lari dəyərində olan Maşavera içməli su layhəsi həyata keçirilir. Həmin layihəyə əsasən, Dmanisi bələdiyyəsinin 20 kəndinə içməli su veriləcək. Layihə çərçivəsində köhnə boruları çıxarmaq və yenisini çəkmək nəzərdə tutulur. Bunun üçün kənd yolları qazılmalıdır. Qeyd olunan layihə təxminən iki illikdir və o başa çatdıqdan sonra artıq kəndə gedən və kəndin daxili yollarının bərpası mümkün olacaq”, – Dmanisi meri Koba Muradaşvili dedi.

Dmanisi merinin sözlərinə görə, bələdiyyə miqyasında kəndlərin daxili yollar problemi demək olar, hər yerdə var. O, bildirir ki, Mtisdziriyə gedən yol artıq çəkilib, daxili yolların çəkilməsini isə içməli su layihəsi başa çatdıqdan sonra düşünürlər.


"Marneuli" Radiosu
Print