“Yeni Düşüncə İnstitutunun” təsisçiləri başladıqları yeni
“Azərbaycandilli məktəblərdə gürcü dilinin tədris siyasətinin
problemlərinin aşkar edilməsi və ictimai vəkilliyi” kampaniyası
çərçivəsində Gürcüstan Parlamentinin təhsil komitəsinin
təmsilçiləri ilə görüş keçiriblər.
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “NTİ”ın
təsisçilərindən Kamran Əfəndiyev verdi. Onun sözlərinə görə,
“People İn Need” təşkilatı ilə birgə Azərbaycandilli məktəblərdə
gürcü dilinin keyfiyyətinin yüksəldilməsi kampaniyasına
başlayıblar. Kampaniya çərçivəsində Marneulinin 6 kəndində –
Sadaxlı, Xuldərə, Mollaoğlu, Tsopi, Təzəkənd və Burma kəndlərində 6
fokus qrup yaradılıb.
Onun sözlərinə görə, iki fokus qrupda şagirdlər, iki fokus qrupda
müəllimlər, ikisində isə valideynlər iştirak ediblər. Əfəndiyevin
sözlərinə görə, fokus qruplarda ümumilikdə 50 nəfər iştirak edib.
Xuldərə və Mollaoğlu ictimai mərkəzlərində keçirilən görüşlər
nəticəsində onlar iştirakçıların gürcü dili ilə bağlı
qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.
Kamran Əfəndiyev deyir ki, sorğu nəticəsində məlum olub ki, kənd
sakinlərini narahat edən əsas problemlərdən biri kəndlərdə
bağçaların olmamasıdır. Buna görə də onlar Təhsil Nazirliyindən
məktəblərdə məktəbəqədər hazırlıq proqramlarının keçirilməsini
tələb edirlər.
“İnsanlar istəyirlər ki, bir illik məktəbəqədər
hazırlıq proqramı yaradılsın. Biz hazırda bu mövzu ilə bağlı modul
hazırlayırıq. Parlamentdə baş tutan görüşdə başladığımız kampaniya
və həyata keçirdiyimiz sorğu haqqında söhbət etdik. Sorğunun
təqdimatını həyata keçirdik. Kampaniya çərçivəsində bu kimi
görüşlərimiz davam edəcək. Sonda isə biz Təhsil Nazirliyi üçün
siyasi sənəd hazırlayacağıq”.
Qeyd edək ki, Gürcüstan Parlamentində baş tutan görüşdə “People İn
Need”-in təmsilçisi Marta Bibilaşvili və NDI-ın təmsilçisi Ana
Amiranaşvili də iştirak edib.
Məlumat üçün bildirək ki, “Azərbaycandilli məktəblərdə gürcü
dilinin tədris siyasətinin problemlərinin aşkar edilməsi və ictimai
vəkilliyi” kampaniyası “Aİ-nın maddi dəstəyi, “People İn Need”
təşkilatının tərəfdaşlığı ilə “Şərq tərəfdaşlığı ölkələrinin Aİ
Covid-19 həmrəylik proqramı 2020-2021” çərçivəsində həyata
keçirilir. Kampaniya çərçivəsində mərhələli şəkildə bir sıra
görüşlər həyata keçiriləcək.