Birinci sinif şagirdləri üçün şahmatın tədrisi məcburi olur
Marneuli məktəblərində şahmat üzrə hazırlanacaq pedaqoqlar seçilib.

Gürcüstan Elm və Təhsil nazirinin qərarına görə, 2022-2023-cü tədris ilindən birinci sinif şagirdləri vacib fənn kimi şahmat öyrənəcəklər. Hazırlanmış pedaqoqlar birinci sinif şagirdlərinə şahmatın başlanğıc pilləsini öyrədəcəklər. Təşəbbüs bütün Gürcüstan miqyasında nəzərdə tutulub. Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri səlahiyyətlərini icra edən Əli Qəhrəmanov bildirdi ki, onlar artıq hazırlığa başlayıblar. Bələdiyyənin təhsil müəssisələrində uşaqlara şahmat öyrədəcək müəllimlərin siyahısı artıq Nazirliyə təqdim olunub. Şahmatları isə məktəblər öz büdcələri ilə alacaqlar.

“Məktəblərdən şahmat oyunu bilən müəllimlərin siyahısını istədik. Sonra direktorlar siyahıları verdilər, artıq göndərmişik. Təlimlər güman ki, avqustda olacaq və nə qədər davam edəcəyi hələ məlum deyil”, –
Qəhrəmanov bildirdi.

Şahmat üzrə mütəxəssis Davit Xizanişvilinin mövqeyi Nazirlikdən fərqlidir. O, düşünür ki, idmanın bu növü məktəblərdə məcburi olmamalıdır. Səbəb kimi isə illərin uğursuz təcrübəsini qeyd edir.

“Müəllimlər onlara verilən proqramı asan mənimsəyirlər. Əsasən, əvvəl şahmata getmiş və elementar səviyyədə şahmatı bilən pedaqoqlar seçilib. Düşünürəm ki, müəllimlər bacaracaqlar, ancaq məktəbdə şahmat məcburi olmamalıdır. Bir neçə il əvvəl də məktəblərdə belə hal oldu və tez zamanda dərsi götürdülər. Çünki özünü doğrultmadı. 25-30 uşağı səfərbər etmək çətindir, bəzisi maraqlanır, bəzisi yox”,
– Xizanişvili bildirdi.

Elm və Təhsil nazirinin fikrincə “şahmatın məcburi tədrisi şagirdlərdə gələcəkdə həyati problemləri həll etmək bacarığı verəcək”. 15 sentyabra qədər məktəblər şahmat dərslərinin keçirilməsi üçün müvafiq inventarla təchiz edilməlidir. İctimai məktəblərə lazım olan nümayiş lövhələri almaq üçün dövlət büdcəsindən 700 min lari ayrılıb.

"Marneuli" Radiosu
Print