Marneulili pedaqoq Milli Müəllim Mükafatının ilk onluğuna düşüb
24 iyun tarixində 2022-ci ilin Milli Müəllim Mükafatının ilk onluğu müəyyən edilib. Müsabiqə iştirakçıları arasında Marneuli bələdiyyəsinin Xocorni kənd ictimai məktəbinin gürcü dili ikinci dil kimi müəllimi də var. Lali Marqiani artıq beş ildir ki, etnik azlıqlara dövlət dilinin öyrədilməsinə dəstək olur. Pedaqoq ilk onluğa düşməsi barədə məlumatı telefon zəngi vasitəsi ilə öyrənib. Özünün dediyinə görə, bu xəbər onun üçün gözlənilməz, eyni zamanda da sevindirici olub.

“İştirak etməyə çəkinirdim. Sonuncu gün Natia Davitadze və Lamara Bolkvadze müraciət formasını doldurmağıma təkan verdilər. Müsahibə mərhələsinə keçdim, Həyəcan da elə ondan başladı. Çox dəyərli müəllimlər iştirak edirlər, məndən milyon dəfə daha yaxşı müəllimlər... Heç gözləmirdim. Zəng gəldi və məni təbrik etdilər, inanmırdım. İndi də eyforiyadayam, bu mənim üçün o qədər böyük hissdir. İlk onluğa düşmək daha çox məsuliyyət, daha çox motivasiya və stimuldur. Bu mənim üçün artıq qələbədir. Məni dəstəkləyən, inanan və bu mükafata həqiqətən layiq olduğunu düşünən hər kəsə minnətdaram”, – Lali Marqiani bildirdi.

Gürcüstan miqyasında Milli Müəllim Mükafatına ümumilikdə 771 pedaqoq təqdim olunub. Onlardan 94-ü müraciəti doldurub. Kvemo Kartlidən, həmçinin, Tsalka bələdiyyəsinin Qumbati ictimai məktəbinin gürcü dili və ədəbiyyatı, ingilis dili müəllimi İra Dzirkvadze də ilk onluqda yer alıb.

2022-ci ilin Milli Müəllim Mükafatının ilk onluğu müəyyən edilib

Milli Müəllim Mükafatı Təhsil Koalisiyasının, Elm və Təhsil Nazirliyinin, Müəllimlərin Peşəkar İnkişaf Milli Mərkəzinin arasında bağlanmış memorandum əsasında 2017-ci ilin 13 mayında təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 6-cı dəfədir həyata keçirilir. O müəllimlərin populyarlaşdırılmasına istiqamətlənmiş qlobal kampaniyanın – „The Global Teacher Prize“ bir hissəsidir.

Həmin müsabiqədə Marneulili pedaqoqlar dəfələrlə uğurla iştirak ediblər. 2018-ci ildə Marneulinin 2 və 5 saylı məktəbinin müəllimi Temur Suğaşvili Milli Müəllim Mükafatının ilk onluğunda yer almışdı. 2019-cu ildə Marneuli 2 saylı ictimai məktəbinin müəllimi Qiorqi Çauçidze Milli Müəllim Mükafatının sahibi olub. 2021-ci ildə isə Maradisi ictimai məktəbinin müəllimi Lamara Bolkvadze ilk beşliyə düşüb.

2022-ci ilin Milli Müəllim Mükafatının ilk beşliyi 5 sentyabr tarixində müəyyən ediləcək. Onlardan biri 5 oktyabrda Beynəlxalq Müəllim Günündə Milli Müəllim Mükafatının sahibi olacaq. Bundan əlavə, ona pul mükafatı olaraq şirkətin baş sponsoru, “Qudavadze-Patarkatsişvili” Fondundan 15 000 lari veriləcək. Onluğun digər üzvlərini isə Liberty Bank mükafatlandıracaq.

Print Email
FaceBook Twitter Google