Samirə Bayramovanın xüsusi müdafiə proqramı başa çatır – hədələməyə görə heç kim saxlanılmayıb
Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova bildirir ki, onun qoşulduğu Prokurorluğun xüsusi müdafiə tədbiri yaxın günlərdə başa çatacaq. Onu öldürməklə hədələyən şəxslər isə hələ də saxlanılmayıblar.

“Məndə olan, bu günlərdə aldığım son məlumata görə, istintaq əvvəl hansı mərhələdə idisə, indi də elədir. Bu istiqamətdə heç bir yenilik yoxdur. Bu çox təəssüfedicidir. Yaxın günlərdə mənim fərdi müdafiə proqramım başa çatacaq və əvvəl də qeyd etdiyim kimi bu proqramda qalmağı düşünmürəm və xüsusi müdafiə tədbirini davam etdirməyəcəyəm. Ona görə yox ki, pis proqramdır, ona görə ki, başdan da mənim məqsədim idi və ümid edirdim ki, DİN istintaqa başlayacaqdı, effektiv araşdırma aparacaqdılar. Həmin günlərdə isə mən müdafiədə olacaqdım. Bu proqramda, hər iki tərəfin razılığı ilə əlbəttə, elə şərtlər var idi ki, azadlığımı məhdudlaşdırırdı, əhali sıxlığı olan yerlərə getməməli, müxtəlif prosesləri davam etdirməməliydim”.

Samirə Bayramovanın sözlərinə görə, Daxili İşlər Nazirliyi “Alt-İnfo” kimi Rusiyayönümlü və zorakı qrupları dəstəkləyir. O, bildirir ki, hakimiyyətin bu qruplara qarşı iş açmaq imkanı var, amma onlar bu berketdən istifadə etmirlər.

“Biz bu qrupların haradan maliyyələşdiyini çox yaxşı bilirik və əgər hökumət həqiqətən də Avropa İttifaqının üzvü olmağımızı istəyirsə Rusiyayönümlü/zorakı qruplara qarşı müəyyən ölçülər götürməlidir. Biz yaxşı bilirik ki, bu adamlar qərb dəyərlərinə qarşıdırlar, onlar Gürcüstanın Avropa İttifaqına üzv olmasını istəmirlər və Rusiyaya yaxınlaşmasını istəyirlər”.

Marneulili mülki fəalın sözlərinə görə, son günlərdə Gürcüstanda baş vermiş hadisələr bir daha göstərdi ki, gürcü xalqı Avropanı nə dərəcədə dəstəkləyir. Zorakı və Rusiyayönlü qruplaşmalar isə çalışırlar ki, Gürcüstanda fərqli vəziyyət yaratsınlar və göstərsinlər ki, guya Gürcüstan Avropa İttifaqına daxil olmağa layiq deyil.

“Bu qrupların fəallaşdırılması hər bir kəs üçün təhlükədir. Çünki onlar əhalini hədələyir və ultimatum göndərirlər. Onlar Gürcüstanda yaşayan bütün xalqlar, dini, etnik və ya cinsi azlıqlar üçün təhlükədirlər. Onlar Gürcüstan Konstitutisyası və beynəlxalq müqavilələrdə götürülmüş öhdəliklərə mane olan qruplardırlar. Bu isə çox böyük problemdir”, – Samirə Bayramova bildirdi.

Samirə Bayramova 15 mart tarixində “Alt-İnfonun” dəstəkçilərindən birinin onu öldürməklə bağlı hədə məzmununda mesaj göndərməsindən sonra polisə müraciət edib.

Samirə Bayramova “Alt-infonun” təsis etdiyi “Konservativ hərəkat” partiyasının Marneulidəki ofisinin divarını boyadıqdan sonra, sosial şəbəkədə mülki fəala qarşı hədələmə və təhqiredici şərhlər edilir. Samirə Bayramovaya bir neçə nəfər hədə-qorxu məzmunlu mesaj da göndərib.

Gürcüstan Daxili İşlər Nazirliyi Samirə Bayramovaya qarşı həyata keçirilmiş hədələmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə istintaqa başlayıb. Həmin maddə ölümlə, yaxud sağlamlığa zərər vurmaqla hədələməni nəzərdə tutur.

"Marneuli" Radiosu
Print