Marneulidə eyvanın uçması nəticəsində 1 nəfər dünyasını dəyişib, 3 nəfər isə yaralanıb
Məlumata görə, Marneuli şəhərinin Nərimanov küçəsində yaşayış binasının iki eyvanının uçması nəticəsində 1 nəfər dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə araşdırma aparılır. Həmin maddə mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma, sağlamlığa az və ya ağır zərər vurmasını nəzərdə tutur.

Xəsarət alanlardan biri, 8 yaşlı uşaq Marenulidəki "Geo-Hospitals" klinikasına aparılıb. Klinikanın nümayəndəsi "Marneuli" radiosuna bildirdi ki, xəstənin çoxsaylı sınıqları var idi və Tbilisiyə, xüsusi klinikaya yerləşdirirlər.

Hadisə axşam saatlarında baş verib.

"Marneuli" Radiosu
Print