26 iyun tarixində Marneulidə iki yaşayış binasında eyvanın uçması
nəticəsində insan tələfatı baş verib.
Marneuli Bələdiyyəsi rəsmi "Facebook" səhifəsində bu gün, 27 iyun
tarixində məlumat yayımlayıb. Məlumata görə, binada yaşayan digər
sakinlər mehmanxanaya köçürülüb.
"Marneuli meriyası Marneuli şəhərində
yaşayış binasının eyvanının uçması nəticəsində baş vermiş bədbəxt
hadisəyə görə dərin kədərini bildirir və həlak olanların ailələrinə
başsağlığı verir. Nəzərinizə çatdıraq ki, faciənin baş verdiyi
yaşayış binasından sakinlərin bir hissəsi müvəqqəti olaraq
mehmanxanaya köçürülüb. Mehmanxana xərcləri Marneuli Meriyası
tərəfindən təmin ediləcək. Yaralılara tibb müəssisəsində müvafiq
müalicə göstərilir".
Məlumat üçün bildirək ki,
Marneuli şəhərinin Nərimanov küçəsində yaşayış binasının iki
eyvanının uçması nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər isə
yaralanıb. Həyatını itirənlərdən biri 27 yaşlı hamilə qadındır.
Xəsarət almış 8 yaşlı uşaq Marenulidəki "Geo-Hospitals" klinikasına
aparılıb. Klinikanın nümayəndəsinin "Marneuli" radiosuna
bildirdiyinə görə, xəstənin çoxsaylı sınıqları var və Tbilisiyə,
xüsusi klinikaya yerləşdirirlər.
Hadisə axşam saatlarında baş verib.