Marneuli şəhərində baş vermiş
faciədən sonra yaşayış binasının sakinlərinin bir qismi
mehmanxanaya yerləşdirilib.
Dörd ailə hazırda “Qafqaz” mehmanxanasında qalır. Kvemo Kartli
qubernatoru Qiorqi Doxtirişvili, Parlamentin Marneuli və Qardabani
seçki dairəsindən seçilmiş majoritar deputatı Zaur Darğallı,
Marneuli meri Kənan Ömərov və digər yerli özünüidarə nümayəndələri
zərərçəkənləri ziyarət ediblər.
Dövlət məmurları “Marneuli” radiosu ilə söhbətləri zamanı
bildirdilər ki, müvəqqəti yaşayış yeri üçün xərcləri Marneuli
meriyası ödəyəcək.
26 iyun tarixində binanın uçması nəticəsində iki adam həyatını
itirib. Onlardan biri hamilə qadındır. Həkimlər onun körpəsini
xilas edə biliblər. Üç adam xəsarət alıb. Onlar tibb
müəssisələrində müalicə alırlar.
Sakinlərdən bir qismi bildirir ki, binanın qəzalı vəziyyətdə olması
ilə bağlı meriyaya dəfələrlə müraciət ediblər. Ancaq onların
müraciətinə reaksiya göstərən olmayıb. Hakimiyyətdən isə bunu
təkzib edirlər. Parlamentin Marneuli və Qardabani seçki dairəsindən
majoritar deputatı Zaur Darğallı bildirir ki, onun mer olduğu
dövrdə özünüidarəyə qeyd olunan təhlükə ilə bağlı məktub
verilməyib, nə də şifahi müraciət edən olmayıb.
“Həmin bina ilə bağlı olan yeganə fakt var idi. Biz həmin binada
dam örtüyünü dəyişməyi planlaşdırırdıq. Tender elan etdik, tender
baş tutdu. Ancaq binanın sakinləri su çənlərini sökməkdən imtina
etdilər. Buna görə dam örtüyünü dəyişmədik. Yalnız bu faktı qeyd
edə bilərəm”, – Zaur Darğallı bildirdi.
Marneuli meriyası bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Marneuli
şəhərində baş vermiş bədbəxt hadisə ilə müxtəlif siyasi qruplar
manipulyasiya həyata keçirir.
“Qeyd olunan qruplar tərəfindən çox sayda yanlış
məlumat yayımlanır. Həmçinin, bina sakinləri tərəfindən eyvanların
qəzalı vəziyyətdə olması ilə bağlı meriyaya rəsmi müraciət olunması
ilə əlaqədar məlumatlar da yayılıb. Xatırladaq ki, bu məsələ ilə
bağlı vətəndaşların meriyaya rəsmi müraciəti qeydə alınmmayıb.
Marneuli bələdiyyə rəhbərliyi olaraq xahiş edirik, yaranmış ağır
vəziyyəti nəzərə alasınız, ölənlərin ailə üzvlərinə hörmətlə
yanaşaq və istintaqın nəticələrini gözləyək”, –
meriyanın yayımladığı bəyanatda qeyd olunub.
Eyvanların uçmasına nə səbəb olub və məsələyə görə kimsə
məsuliyyətə cəlb olunacaq, ya yox – bunu ekspertiza müəyyən
edəcək.