3 iyul tarixində Rustaveli prospektində “Evə, Avropaya doğru”
aksiya keçirilib.
Aksiyada "Gürcü Arzusunun" Gürcüstanın Avropaya inteqrasiyası
yolunda atdığı addımların düzgün olmamasından və eləcə də Aİ-yə üzv
statusunun alınmasının Gürcüstan üçün əhəmiyyətli olacağından
danışılıb.
"Çoxsaylı çıxış edənlər arasında mülki fəal və “Salam” gənclər
platformasının üzvü Kamran Məmmədli də olub.
"Bu gün, bizim burada dayanıb etiraz etməyimiz olduqca
mühümdür. Həmçinin, burada iki səbəbə görə dayandığımızı
xatırlamalıyıq. Birinci – “Gürcü Arzusu”-nun Avropaya inteqrasiya
yolunda etdikləri səhvlərdir. İkinci isə Rusiyanın Ukraynadakı
ədalətsiz, aqressiv müharibəsidir. Rusiyadan danışan zaman
bilməliyik ki, bir müddət əvvəl bizim aramızdakı adamlar bizi
Rusiyanın iki cür olmasına inandırmaq üçün məqsədyönlü şəkildə,
xüsusilə işləyirdilər. Guya Putin Rusiyası elə də pis deyil, guya
2008-ci il müharibəsini Rusiya deyil, Gürcüstan başlayıb. Təəssüf
ki, bizim passivliyimiz, nihilizmimiz, hərəkətsizliyimizin
nəticəsində onlar qismən məqsədlərinə nail olublar. Bu gün isə
həmin adamlar bizi iki cür Gürcüstanın olmasına inandırmağa
çalışırlar. Bir tərəfdə Avropa və bərabərlik bayraqlarını yandıran
Gürcüstan var. Digər tərəfdə isə Avropaya tələsən Gürcüstan
dayanır. Yaxşı müşahidə etsəniz, bizim reallığımızda çox sayda
problem, yoxsulluq olduğunu görərsiniz. Bizim reallığımızda
insanların layiqli gəliri yoxdur. Ancaq biz bu gün Avropa üçün,
ədalət, bərabərlik üçün mübarizə aparırıq. Mən ədalətli, rəngarəng
olacaq Gürcüstan istəyirəm. Mən düşünürəm ki, biz, Gürcüstanın 99%
əhalisi, xalqımız oyaq və ehtiyatlı ola bilərik. Yalnız bir
Gürcüstanın olduğunu deyə bilərik. Həmin Gürcüstanda rəngarənglik,
ədalət, yoxsul, təcrid edilmiş, səsi əlindən alınmış adamlara qarşı
həmrəylik var. Bu gün biz Avropa yolu üçün birləşmiş
Gürcüstandayıq. Mən hiss edirəm, biz bu gün bir-birimizə həmrəy ola
bilərik. Biz layiqli maaş olan, insanların onlara uyğun olan
mühitdə yaşaya biləcəyi yeganə Gürcüstan qurmaq istəyirik. Əgər
haradasa, kimsə yoxsulluğa görə, zorakı hərəkatlara qoşulursa,
fikrimcə, bu mənim hərəkətsizliyimin nəticəsidir. Əgər haradasa
etnik azlıq nümayəndəsi olan uşağın uşaq bağçası yoxdursa,
düşünürəm, bu bizim, hamımızın hərəkətsizliyimizin nəticəsidir.
Əgər kimsə qaçqın olduğuna və ölkənin onu layiqli yaşayış yeri ilə
təmin edə bilməməsinə görə həyatını intiharla başa vurursa, bu
bizim hamımızın məsuliyyəti, günahıdır.
Dostlar, əgər siz də mənim hiss etdiklərimi hiss edirsinizsə, əgər
siz də mənim gördüklərimi görürsünüzsə, siz də bu ədalətsiz, bizi
alçaldan sistemə son qoymaq istəyirsinizsə, gəlin birlikdə dayanaq
və kiminsə bizə iki Gürcüstan olduğunu, bizim ikiyə bölünə
biləcəyimizi, bir-birimizə müxtəlif adlar verə biləcəyimizi
deməsinə icazə verməyək. Gəlin birlikdə dayanaq və həmrəylik üçün
mübarizə aparaq. Həmrəyliyə əsaslanan Gürcüstan quraq. İrəli-
Avropaya doğru, evə - Avropaya doğru. Sağ
olun."
Gürcüstan Avropa İttifaqına namizədlik statusu qazana bilmədikdən
sonra Gürcüstan Parlamentinin qarşısında aksiyalar planlaşdırıldı.
Gürcüstana Avropa İttifaqına namizədlik statusu qazanmaq üçün
islahatları həyata keçirməyə 6 ay müddət veriblər.