Bu il Gürcüstanda müqəddəs Qurban bayramı təqvimə görə, 9 iyul
tarixindən başlayaraq 12 iyul, günün birinci yasına qədər davam
edəcək.
Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan
Müsəlmanları İdarəsinin şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar
Eminov məlumat verdi. Onun sözlərinə görə, idarə hər il olduğu
kimi, bu il də Gürcüstanda qurbanlar kəsəcək və imkansız ailələrə
paylayacaq.
“Hər il Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən maddi
vəziyyətləri zəif olan ailələrə əlimizdən gələn yardımları etməyə
çalışırıq. Hər il olduğu kimi, bu il də qurban payının verilməsini
planlaşdırırıq. Bütün bölgələrmizdə – Tbilisidə, Kvemo Kartlidə,
Şida Kartlidə, Kaxetidə, Acarıstanda və digər bölgələrimizdə az da
olsa, Qurban payları imamlarmızın və şəxsən özümüzün vasitəmiz ilə
paylanacaq. Bizimlə əməkdaşlıq edən təşkilatlara və xeyriyyəçi
insanlara öz təşəkkürümüzü bildiririk. Allah onlardan razı
olsun”, – Etibar Eminov dedi.
Müfti onu da qeyd etdi ki, iyulun 9-da, saat 06:10-da Gürcüstanda
fəaliyyət göstərən məscidlərdə bayram namazları qılınacaq. Bayram
namazından sonra isə qurbanlıqların kəsilməsinə başlanılacaq.