Qurban bayramı nə vaxt qeyd olunacaq? – Gürcüstan Müsəlmanlar İdarəsindən AÇIQLAMA
Bu il Gürcüstanda müqəddəs Qurban bayramı təqvimə görə, 9 iyul tarixindən başlayaraq 12 iyul, günün birinci yasına qədər davam edəcək. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov məlumat verdi. Onun sözlərinə görə, idarə hər il olduğu kimi, bu il də Gürcüstanda qurbanlar kəsəcək və imkansız ailələrə paylayacaq.

“Hər il Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən maddi vəziyyətləri zəif olan ailələrə əlimizdən gələn yardımları etməyə çalışırıq. Hər il olduğu kimi, bu il də qurban payının verilməsini planlaşdırırıq. Bütün bölgələrmizdə – Tbilisidə, Kvemo Kartlidə, Şida Kartlidə, Kaxetidə, Acarıstanda və digər bölgələrimizdə az da olsa, Qurban payları imamlarmızın və şəxsən özümüzün vasitəmiz ilə paylanacaq. Bizimlə əməkdaşlıq edən təşkilatlara və xeyriyyəçi insanlara öz təşəkkürümüzü bildiririk. Allah onlardan razı olsun”, – Etibar Eminov dedi.

Müfti onu da qeyd etdi ki, iyulun 9-da, saat 06:10-da Gürcüstanda fəaliyyət göstərən məscidlərdə bayram namazları qılınacaq. Bayram namazından sonra isə qurbanlıqların kəsilməsinə başlanılacaq.

"Marneuli" Radiosu
Print