Marneulinin müəyyən əraziləri çəyirtkə əleyhinə məhlulla dərmanlanıb
Milli Qida Agentliyi Şərqi Gürcüstanda çəyirtkələrə qarşı tədbirlər aparır. “Bitkilərin qorunması və fitosanitar etibarlılıq” dövlət proqramı çərçivəsində Kvemo Kartli, Şida Kartli, Msxeta-Mtianeti və Kaxeti bölgələrində xüsusi texnikadan istifadə edərək 25 hektara qədər torpaq sahəsində işlər aparılıb.

Marneuli bələdiyyəsində də dərmanlama işləri aparılır. Milli Qida Agentliyinin Kvemo Kartli Regional İdarəsinin rəhbəri Miranqula Liparteliani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, illərdir mövsümdə Marneuli bələdiyyəsində bu kimi işlər aparılır. May ayından avqust ayına qədər zərərli çəyirtkələrin çox sayda qeydə alındığı əraziləri dərmanlayacaqlar.

“Bu dövlət proqramı ilə nəzərdə tutulub və işlər başlayana qədər monitorinq, qiymətləndirmə aparılır. Bundan sonra yerli özünüidarə ilə razılaşma olur. Əhaliyə mesaj göndərilir və bizim əməkdaşlar xüsusi qurğu vasitəsilə ərazini dərmanlayırlar. Vəziyyət ümumiyyətlə nəzarət altındadır. Bu il çəyirtkələrin bizi narahat etməməsindən irəli gələrək, indi əraziyə uyğun işlərə başlanılıb”, – Miranqula Liparteliani bildirdi.

Çəyirtkələrə qarşı tədbirlər nəticəsində zərərvericilərin sayı və müvafiq olaraq kənd-təsərrüfatı bitkiləri, yaşıl örtüyə ziyan dəymə faktları da azalır.

Şərqi Gürcüstanda, əsasən, təhlükəli zərərverici İtaliya çəyirtkəsi yayılıb. Bu həşəratlar kənd təsərrüfatı bitkilərinə ziyan vurur, yaşıl örtüyü məhv edir.

"Marneuli" Radiosu
Print