Qurban kəsmək kimlər üçün vacibdir – DİN XADİMİNDƏN AÇIQLAMA
“Eydul-Əzha” da adlanan Qurban bayramı İslam aləmində ən böyük bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Ramazan bayramından 70 gün sonra qeyd olunur və üç gün davam edir. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov verdi. Onun sözlərinə görə, bayramda qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

“Bu gün Qurban kəsmə adəti hamıya məlum olduğu kimi Hz. İbrahim Peyğəmbərin (ə) həyatında baş verən hadisədən – oğlu Hz. İsmayılı (ə) Allah yolunda qurban kəsmə sınağına çəkilməsindən sonra yaranmışdır. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və əsl bəndəliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsi olaraq yaşamışdır”, – Ramin İgidov dedi.

Ramin İgidovun dediyinə görə, imkanı olan hər bir şəxs qurban kəsərək, paylamalıdır.

“Qurban kəsmək Həcc mərasimini icra edən Hacılara vacibdir. Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan müsəlmanlara isə tövsiyə olunan yaxşı – müstəhəb əməllərdəndir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətinin bir hissəsini imkansızlara, kasıblara paylamalıdır. Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə, qalan iki hissədən birini də öz qonşularına və yaxınlarına verə bilər. Digər bir hissəni isə mütləq ehtiyacı olanlara paylamalıdır. Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara paylaya bilər. Burada əsas məqsəd dindarlığa və ilahi razılığa nail olmaqdır. Qurani-Kərimdə buyurulur ki, kəsilən qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Qurban ibadəti bizə Allah yolunda paylaşmağı, kasıblara əl tutmağı öyrədir. Qurban Allaha olan sevginin isbatıdır. Yaradana olan sevgimizi göstərmək üçün bizim üçün dəyərli olanlardan infaq etməliyik”, – İgidov bildirdi.

Ramin İgidov onu da əlavə etdi ki, bu il müqəddəs Qurban bayramı təqvimə görə, 10 iyul tarixindən başlayaraq, 3 gün qeyd ediləcək. Bəzi müsəlman ölkələrində isə bayram iyulun 9-dan başlayacaq.

Print Email
FaceBook Twitter Google