Kirovka sakinləri kəndin adının dəyişdirilməsi ilə bağlı ümumi toplantı keçirilməsini tələb edirlər
Bu gün, 7 iyul tarixində təxminən saat 10:00-da Marneuli meriyasına Kirovka əhalisinin adından yeni ərizə təqdim olunub. Yerli sakinlər özünüidarədən kənddə ümumi toplantıların keçirilməsini tələb edirlər.

Toplantıda kəndin adının dəyişdirilməsini müzakirə edəcəklər. Kirovka sakinləri istəyirlər ki, onların kəndinin tarixi adı Mameyi olub və bu ad Sovet işğalına qədər verilibmiş.

Kirovka sakini Canpolad İbadov Marneuli meri Kənan Ömərovun, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin adına təşəbbüs qrupunun ərizəsini təqdim edib.

"Neçə ay olar ki, meriyaya ərizə vermişik. Heç onun cavabını hələ almamışıq. Ona görə də yenə ərizə veririk ki, kəndin adı nə yerdə qaldı. Bizim kəndin keçmiş adı Mamey olub. Bununla bağlı hələ heç bir cavab yoxdur. Ona görə də bu gün ərizə vermək istəyirik ki, görək cavab nə olur, nə deyirlər. Camaatın istəyi ilə olmalıdır. Amma üstündən neçə ay keçib. Hələ ki, heç nə yoxdur. Cavab vermirlər. Ona görə də biz təzədən ərizə vermək istəyirik ki, kənddə iclas olsun. Meriyanın özü də olsun. Camaat ilə müsahibə aparsın. Ümumi olaraq kəndin adı ilə meriyaya ərizə vermək istəyirik. Bir daha deyirəm. Üç ay bundan öncə ərizə vermişik. Hələ ki, heç bir cavab yoxdur. Ona görə də yenə ərizə veririk. Camaatın istəyi nəzərə alınmalıdır. Onun üçün kəndin adı camaatın istəyi ilə dəyişdirilməlidir. Biz rus adının dəyişdirilməsinə qarşı deyilik. Kəndin keçmiş adı Mamey olub. Biz də onu istəyirik. Kənd əhalisinin yüz faizi Mamey istəyir. Meriya da söz verdi ki, sizin istəyiniz olmalıdır. Biz də çalışırıq ki, olsun. Hələ ki, cavab yoxdur."

Marneuli Bələdiyyə Məclisində 2022-ci ilin 18 aprel tarixində sovet dövründən qalmış kənd adlarının dəyşdirilməsi məsələsi ilə bağlı müzakirə aparıblar. O zaman Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze qeyd etmişdi ki, meriyada yaradılmış xüsusi komissiya əhali ilə birlikdə Kirovka kəndində beş addan ikisini seçiblər və qeyd olunan kənd “Yaşıl təpə” və ya “Dostluq” adlandırılacaq. Bir neçə gündən sonra əhali qeyd olunan adlara qarşı çıxdılar və bildirdilər ki, kəndə Mameyi adı vermək istəyirlər.

Hələ ki, yerli özünüidarənin Kirovkanın adının dəyişdirilməsi ilə bağlı təşəbbüsü növbəti mərhələyə keçirib-keçirməyəcəyi məlum deyil. Cavab güman ki, 10 gündən sonra, meriyanın rəsmi məktuba cavab vermək müddəti başa çatdıqdan sonra məlum olacaq.

Print Email
FaceBook Twitter Google