Marneuli və Şəmkir arasında qardaşlıq memorandum imzalanıb
Kvemo Kartlidən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir. Heyətdə Marneuli meri Kənan Ömərov və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze də yer alıb.


Dünən, 13 iyul tarixində Gürcüstan və Azərbaycanın bir neçə şəhəri arasında qardaşlıq memorandum da bağlanıb. Memorandum Marneuli və Şəmkir, Qardabani - Ağstafa, Bolnisi - Göygöl, Dmanisi - Daşkəsən arasında bağlanıb.

Azərbaycana səfəri zamanı Kvemo Kartli qubernatoru Azərbaycanın Baş naziri ilə görüşüb.

“Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşmək imkanımız oldu. Səfər çərçivəsində Kvemo Kartli və Azərbaycan şəhərləri arasında olan münasibətlər, strateji əməkdaşlığın əsas istiqamətləri, dostluq məsələləri ilə bağlı söhbət açdıq.

Bizim dostluq və əməkdaşlığımızın böyük tarixi var. Kvemo Kartli regionunun yerli əhalisinin böyük qismi etnik Azərbaycanlılardır. Məhz buna görə, regionun inkişafı üçün sektor əlaqələrini genişləndirmək, gələcək əməkdaşlıq, sıx dostluq əlaqələrini möhkəmləndirmək mühümdür”,
– “Kvemo Kartli bölgəsi” səhifəsi Qiorqi Doxturişvilinin çıxışını yayımlayıb.

Marneuli meriyasının yayımladığı məlumata görə, Marneuli və Şəmkir arasında qardaşlıq memorandumuna Marneuli meri Kənan Ömərov və Şəmkir rayon icra başçısı Rəşad Tağıyev imza atıb.

“Qardaşlıq memorandumu bələdiyyələr arasında dostluğu və əməkdaşlığı bir daha möhkəmləndirəcək, qardaş şəhərlər arasında olan iqtisadi, maarifləndirici, turizm və mədəniyyət sahəsində səmərəli əməkdaşlığa, sektor əlaqələrinin genişləndirilməsinə dəstək olacaq”,
– Marneuli meriyasının yayımladığı çıxışda qeyd olunub.

Marneuli merinin Azərbaycan Respublikasında işgüzar səfərdə olduğu müddətdə onun vəzifəsini merin müavini Roin Dekanoidze icra edir.

Print Email
FaceBook Twitter Google