Tikilməkdə olan Marneuli-Lomtaqora-Algeti yolunda asfalt örtüyü çöküb (FOTO)
Tikilməkdə olan Marneuli-Lomtaqora-Algeti yolunda asfalt örtüyü çöküb. Yolda iri çatlar və çuxurlar əmələ gəlib. Bu da hər gün bu yoldan istifadə edən sürücülərə narahatlıq yaradır. Həmin yoldan istifadə edən sürücülər “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, yolun tikintisinə başlanılanda çox seviniblər. Amma təəssüflə qeyd edirlər ki, yeni salınan və hələ istifadəyə verilməyən yol indidən sıradan çıxıb.

“Bu yol çəkiləndə regionda yaşayan camaat, o cümlədən mən də çox sevindim ki, şükür Allaha, yol çəkilir. Fukirləşdim ki, bu yol 30-50 il gedər. Biz nəslə və bizdən sonrakı nəslə bəs edər. Təəssüf ki, yol hələ tamamlanmamış gördüyünüz kimi, bu vəziyyətə düşüb. Yol ortadan dağılıb. Çox pis vəziyyətdədir. Mənim fikirimcə, bir balaca diqətsizlik etsən, bunun ağır nəticələri olar. 55 yaşım var, heç belə yolun çəkildiyini görməmişəm. Təzə çəkilən yol bu vəziyyətə necə düşə bilər? Xahiş edirik ki, bu işə baxsınlar. Bu yolu təzədən təmir etsinlər, nəsə bir şey etsinlər. Yol çox bərbad vəziyyətdədir. Mən günaşırı bu yoldan istifadə edirəm. Bu yol axıra kimi çəkilməyib. Söhbət ondan gedir ki, çəkilmiş yol bərbad vəziyyətə düşüb”, – sürücü bildirdi.



Yolun tikintisinə 2021-ci ildən başlanılıb. Amma tikinti işləri hələ ki, başa çatmayıb. Asfalt qatının çəkildiyi hissələrdə çökmələr, dağılmalar müşahidə olunur. Ərazidə mal-qara otaran çobanlar deyirlər ki, yolun xarab olmuş hissəsini görməyən sürücülər qəza törədirlər.

“Biz burada mal otarırdıq. Bir də uzaqdan gördük ki, bir dənə sement yüklü “Kamaz” gəlir. Yol xarab olduğundan yolun qırağına çəkdi, maşını çevirdi. Hara gedirsən, “yamadır”, yol qalxıb. Bir sürücü də o çökəkdə yolun düzəlib-düzəlmədiyini bilmirdi. Düzünə gəlirdi. Az qaldı maşınla mənim belimə minə. Maşın Marneuli istiqamətində hərəkət edirdi, anidən “tormozladı”. Ağzı çevrildi Vin Sovxoza doğru. Anidən tormozladı, az qaldı ki, çevrilə”, – ərazidə mal-qara otaran çoban dedi.



Qeyd edək ki, yoll 15 kilometr uzunluğundadır və beynəlxalq əhəmiyyətli Tbilisi-Qırmızı körpü avtomobil yolunun üzərində yerləşir, həmçinin Rustavi və Marneuli arasında ən qısa yoldur. Layihənin maliyyələşdirilməsi dövlət büdcəsindən həyata keçirilir və dəyəri 12,6 milyon laridir. Bərpa işlərini Gürcüstanın Avtomobil Yolları Departamenti həyata keçirir və layihənin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulub.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google