3 ay keçməsinə baxmayaraq Kürtlər-Aşağı Qulları birləşdirən körpünün bərpa olunacağı vaxt məlum deyil
Üç aydan artıqdır ki, Marneulinin Kürtlər və Aşağı Qullar kəndini birləşdirən piyada körpüsü sıradan çıxıb.

Körpünü 4 apreldə baş vermiş daşqın zamanı Xram çayı yuyub aparıb. Hadisədən bir ay sonra “Marneuli” radiosu sıradan çıxmış körpü ilə bağlı Marneuli meriyasına müraciət etdi.

Meriyadan bildirdilər ki, araşdırdıqdan sonra, ehtiyacdan və meriyanın maliyyəsindən irəli gələrək problemin həlli üçün müvafiq qərar qəbul edəcəklər. Ancaq hələ də məsələ ilə heç kim maraqlanmayıb. Hadisədən üç ay sonra Marneuli meriyasının PR Xidmətindən bildirdilər ki, problemin həlli üçün prosesə başlanılıb. Ancaq piyada körpüsünün güman edilən təmiri barədə məlumatları yoxdur.

“Problemi həll etmək üçün proses artıq başlayıb. Məsələ araşdırılıb və körpü probleminin nə vaxt həll olunacağı hələ məlum deyil”,
– meriyanın PR Xidmətindən bildirdilər.

Kürtlərdən Aşağı Qullara Şulaveridən keçməklə maşınla getmək üçün 30 dəqiqə vaxt, Böyük Muğanlıdan keçməklə isə 24 dəqiqə lazımdır. Qeyd edək ki, sıradan çıxmış piyada körpüsündən Kürtlər, Aşağı Qullar, Yuxarı Qullar, Qırıxlı və ətraf kəndlərin əhalisi istifadə edirdi.

"Marneuli" Radiosu
Print