26 iyulda sərnişin mikroavtobusu və minik maşınının toqquşması nəticəsində heç kim dünyasını dəyişməyib
26 iyul axşam saatlarında Marneuli-Koda yolunda baş vermiş qəzada dünyasını dəyişən olmayıb.

Marneuli-Koda yolunda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub. Yol-nəqliyyat hadisəsi baş verən zaman hadisə yerində olan şəxslər “Marneuli” radiosuna bildirdilər ki, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib. Ancaq məlumatın səhv olduğu aydın olub.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyatın hərəkəti zamanı təhlükəsizlik və ya istismar qaydasının pozulmasını nəzərdə tutur. DİN-dən bildirirlər ki, hadisə yerində heç kim dünyasını dəyişməyib.

Qəza nəticəsində 11 nəfər xəsarət alıb. Onlar Marneuli “Geo Hospitals” və “Aversi” klinikalarına yerləşdiriliblər. Tibb müəssisəsindən bildirdilər ki, xəsarət alanların vəziyyəti stabildir və heç kim dünyasını dəyişməyib.

Print Email
FaceBook Twitter Google