“Bizdə yerli bələdiyyəyə müraciət üçün mütləq gürcü
dilini bilməlisən. Yaxud tərcüməçi gətirməlisən”, –
Bu fikirləri “Marneuli” radiosu ilə söhbəti zamanı jurnalist, mülki
fəal, hüquq müdafiəçisi Tozu Gülməmmədova söylədi.
Gülməmmədova bu gün, 29 iyul tarixində öz “Facebook” səhifəsində
paylaşım edib. O, paylaşımında Saqareco meriyasının etnik
azlıqların dövlət dilini bilmədikləri təqdirdə meriyaya tərcüməçi
vasitəsilə müraciət etmələrini tələb etdiyini yazıb.
Tozu deyir ki, əgər sakinlərin problemləri varsa və meriyaya
müraciət etmək istəyirlərsə, tərcüməçi tapıb, 50 lari ödəyib
meriyaya problemini bildirməyə getməlidir. Əks halda isə onun
problemini heç kim dinləməyəcək.
“Məsələ orasındadır ki, meriyada heç bir azərbaycanlı
işləmir. Sadəcə kənd icra nümayəndəliyində işləyirlər. Amma binada
azərbaycanlı yoxdur. Heç bir strukturda yoxdur. Mən gürcü dilini
bilmirəmsə, mütləq tərcüməçi gətirməliyəm. Orada heç vaxt tərcüməçi
olmayıb”.
Tozu Gülməmmədovanın fikrincə, meriyanın öz vətəndaşlarına qarşı bu
tələbi ədalətsizlikdir. Onun sözlərinə görə, bu problemlərin
yaranmasına səbəb resursların düzgün bölünməməsidir.
“Mən bir gürcünün yazdığı ərizəni yazmaq üçün 50 lari
ödəyirəmsə, bu ədalətsizlikdir. Ədalətlilik, bərabərhüquqluluq
sadəcə – qanuna yazdım, get, bərabərhüquqlusan – deməklə olmur.
Dövlətin öhdəliyi var ki, ədalətli, hər vətəndaşına, etnik və dini
azlıqlarına bərabərhüquqlu mühit yaratsın. Biz burada bu prinsipin
pozulduğunu görürük ki, bunun üçün heç bir addım atmayıblar, heç
vaxt bu haqda düşünməyiblər. Sakrebuloda üzvlərimiz sadəcə
formaldır”.
O, deyir ki, bələdiyyə iclasında çıxışı zamanı bu məsələni gündəmə
gətirərək çıxış yolu tələb edib. Tozu bildirir ki, meriya
nümayəndələrinin düşüncəsinə görə, vətəndaşlar bu tələblə onlara
müraciət etməməlidirlər.
“Bu sistemin də belə davam edəcəyini və bizim buna göz
yumacağımızı düşünürlər. Keçən dəfə mən bu mövzuda danışanda
üzlərində belə bir ifadə yarandı, şokda idilər ki, sən necə bizdən
belə bir şeyi tələb edə bilərsən. Bu tələb çox da aktual deyil.
Dövlət dilini öyrətmək üçün meriyanın hansısa bir planı yoxdur ki,
əhaliyə dövlət dilini öyrətsinlər. Keçən dəfə deyirlər ki, gürcü
dili müəllimləriniz var. Deyirəm ki, 50 yaşında bir kişi, bir qadın
gürcü dilində məktəbə getmir ki. Onlar Sovet vaxtı öz təhsillərini
alıblar. Demək ki, sizin seçicilərinizin servisdən faydalanması
üçün meriya nə isə bir tədbir görməlidir. Ya dövlət dilini öyrət,
öyrənməsə, bu yenə bizim problemimiz olsun. Ya da azərbaycan dilini
bilən bir işçi götür, heç olmazsa azərbaycandilli əhaliyə kömək
etsin”.
Tozu Gülməmmədova bu gün, 29 iyul tarixində Saqareco meriyasına
gedib. O, Bələdiyyə Məclisinin sədrinə Tamar Avalianinin etnik və
dini azlıqların hüquqları kitabını hədiyyə edib.
“Konkret olaraq etnik azlıqların xüsusi haqları var,
dillərini, mədəniyyətlərini qorumaq. Kitabda da bu haqlar barədə
geniş məlumat verilib. Eyni zamanda dövlətin öhdəliyi haqqında.
Adətən dövlət inteqrasiya, dil məsələlərində hər şeyi bizdən
gözləyirlər. Halbuki, heç bir yerdə bizim dil öyrənməklə bağlı
hansısa öhdəliyimiz yoxdur. Dövlətin bizə qarşı öhdəliyi var ki,
ədalətli, bərabərhüquqlu mühit yaratsın bizim üçün. Tamarın
kitabında da bu gözəl şəkildə ifadə edilmişdi, konvensiyalar,
qanunlarla birlikdə. Fikirləşdim ki, bunun defisiti var, konkret
olaraq bizim Bələdiyyə Məclisinin sədri bilmir. Ona görə də
fikirləşdim ki, bu kitab onun üçün maraqlı olar”.
Gülməmmədova bildirir ki, sədrin bilmədiyi bütün məlumatlar bu
kitabda aydın şəkildə dərc olunub. Buna görə də o, bu kitabı ona
hədiyyə etmək qərarına gəlib.