Bizdə yerli bələdiyyəyə müraciət üçün özünlə tərcüməçi gətirməlisən – Tozu Gülməmmədova
“Bizdə yerli bələdiyyəyə müraciət üçün mütləq gürcü dilini bilməlisən. Yaxud tərcüməçi gətirməlisən”, – Bu fikirləri “Marneuli” radiosu ilə söhbəti zamanı jurnalist, mülki fəal, hüquq müdafiəçisi Tozu Gülməmmədova söylədi.

Gülməmmədova bu gün, 29 iyul tarixində öz “Facebook” səhifəsində paylaşım edib. O, paylaşımında Saqareco meriyasının etnik azlıqların dövlət dilini bilmədikləri təqdirdə meriyaya tərcüməçi vasitəsilə müraciət etmələrini tələb etdiyini yazıb.

Tozu deyir ki, əgər sakinlərin problemləri varsa və meriyaya müraciət etmək istəyirlərsə, tərcüməçi tapıb, 50 lari ödəyib meriyaya problemini bildirməyə getməlidir. Əks halda isə onun problemini heç kim dinləməyəcək.

“Məsələ orasındadır ki, meriyada heç bir azərbaycanlı işləmir. Sadəcə kənd icra nümayəndəliyində işləyirlər. Amma binada azərbaycanlı yoxdur. Heç bir strukturda yoxdur. Mən gürcü dilini bilmirəmsə, mütləq tərcüməçi gətirməliyəm. Orada heç vaxt tərcüməçi olmayıb”.

Tozu Gülməmmədovanın fikrincə, meriyanın öz vətəndaşlarına qarşı bu tələbi ədalətsizlikdir. Onun sözlərinə görə, bu problemlərin yaranmasına səbəb resursların düzgün bölünməməsidir.

“Mən bir gürcünün yazdığı ərizəni yazmaq üçün 50 lari ödəyirəmsə, bu ədalətsizlikdir. Ədalətlilik, bərabərhüquqluluq sadəcə – qanuna yazdım, get, bərabərhüquqlusan – deməklə olmur. Dövlətin öhdəliyi var ki, ədalətli, hər vətəndaşına, etnik və dini azlıqlarına bərabərhüquqlu mühit yaratsın. Biz burada bu prinsipin pozulduğunu görürük ki, bunun üçün heç bir addım atmayıblar, heç vaxt bu haqda düşünməyiblər. Sakrebuloda üzvlərimiz sadəcə formaldır”.

O, deyir ki, bələdiyyə iclasında çıxışı zamanı bu məsələni gündəmə gətirərək çıxış yolu tələb edib. Tozu bildirir ki, meriya nümayəndələrinin düşüncəsinə görə, vətəndaşlar bu tələblə onlara müraciət etməməlidirlər.

“Bu sistemin də belə davam edəcəyini və bizim buna göz yumacağımızı düşünürlər. Keçən dəfə mən bu mövzuda danışanda üzlərində belə bir ifadə yarandı, şokda idilər ki, sən necə bizdən belə bir şeyi tələb edə bilərsən. Bu tələb çox da aktual deyil. Dövlət dilini öyrətmək üçün meriyanın hansısa bir planı yoxdur ki, əhaliyə dövlət dilini öyrətsinlər. Keçən dəfə deyirlər ki, gürcü dili müəllimləriniz var. Deyirəm ki, 50 yaşında bir kişi, bir qadın gürcü dilində məktəbə getmir ki. Onlar Sovet vaxtı öz təhsillərini alıblar. Demək ki, sizin seçicilərinizin servisdən faydalanması üçün meriya nə isə bir tədbir görməlidir. Ya dövlət dilini öyrət, öyrənməsə, bu yenə bizim problemimiz olsun. Ya da azərbaycan dilini bilən bir işçi götür, heç olmazsa azərbaycandilli əhaliyə kömək etsin”.

Tozu Gülməmmədova bu gün, 29 iyul tarixində Saqareco meriyasına gedib. O, Bələdiyyə Məclisinin sədrinə Tamar Avalianinin etnik və dini azlıqların hüquqları kitabını hədiyyə edib.

“Konkret olaraq etnik azlıqların xüsusi haqları var, dillərini, mədəniyyətlərini qorumaq. Kitabda da bu haqlar barədə geniş məlumat verilib. Eyni zamanda dövlətin öhdəliyi haqqında. Adətən dövlət inteqrasiya, dil məsələlərində hər şeyi bizdən gözləyirlər. Halbuki, heç bir yerdə bizim dil öyrənməklə bağlı hansısa öhdəliyimiz yoxdur. Dövlətin bizə qarşı öhdəliyi var ki, ədalətli, bərabərhüquqlu mühit yaratsın bizim üçün. Tamarın kitabında da bu gözəl şəkildə ifadə edilmişdi, konvensiyalar, qanunlarla birlikdə. Fikirləşdim ki, bunun defisiti var, konkret olaraq bizim Bələdiyyə Məclisinin sədri bilmir. Ona görə də fikirləşdim ki, bu kitab onun üçün maraqlı olar”.

Gülməmmədova bildirir ki, sədrin bilmədiyi bütün məlumatlar bu kitabda aydın şəkildə dərc olunub. Buna görə də o, bu kitabı ona hədiyyə etmək qərarına gəlib.

"Marneuli" Radiosu
Print