Marneulidə bədbəxt hadisə baş verib. Məlumata görə, 2 nəfər
kanalizasiya quyusunda dünyasını dəyişib. Bədbəxt hadisə Sulxan
Saba küçəsində baş verib.
Belə ki, yaşayış evlərdən birinin həyətində kanalizasiya quyusunu
təmizləyən fəhlə quyuya enəndən sonra onun halı qəflətən
pisləşib.
Fəhlənin halının pisləşməsini görən ev sahibi onu xilas etmək üçün
quyuya enib. Lakin bu zaman onun da halı pisləşib və huşsuz
vəziyyətə düşüb. Nəticədə hər ikisi quyudan çıxa bilməyiblər.
Xilasedicilər hadisə yerinə gələn zaman onların hər ikisi huşsuz
olublar. Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən
xəstəxanaya aparılarkən yolda dünyasını dəyişiblər. Ölənlərin hər
ikisinin orta yaşlı olduğu bildirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı
Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə araşdırma
aparılır.