Gürcü dili imtahanında yüksək bal toplayan Marneulilər
Marneulidən Luka Andiaşvili, Ana Xarşiladze və Təzəgül Qəribova gürcü dili və ədəbiyyatı imtahanında yüksək bal toplayıblar.

Luka Andiaşvili Marneuli şəhər 5 saylı ictimai məktəbinin məzunudur. Vahid milli imtahanlarda gürcü dili və ədəbiyyatından 60 baldan 59 bal toplayıb.

Gələcək hüquqşünas bildirir ki, qazandığı nəticə onun üçün gözlənilməz olmayıb. Digər fənlərdən də yüksək ballar gözləyir. Məktəbdə gürcü dili və ədəbiyyatı, tarix, biologiya, coğrafiya və ingilis dili onun sevimli fənləri olub. Andiaşvili hesab edir ki, təhsildə zəhmət həmişə nəticə verir. Ona görə ki, abituriyentləri qoyduqları məqsədə nail olmaq üçün mübarizəyə çağırır.

“Təxminən belə bir nəticəni dəqiq gözləyirdim. Çünki bütün il ərzində hazırlaşırdım və zəhmət çəkirdim. Məktəbdən əlavə repetitorun yanına gedirdim. İnanıram ki, əgər zəhmət çəkirsənsə, mütləq nəticəsini görəcəksən. Məktəbdən də ədəbiyyatı çox sevirdim. Bu il abituriyentlər çox çalışıb, hamı yaxşı bala, yaxşı universitetlərə qəbul olmağa layiqdir. Gələcək abituriyentlər deyərdim ki, əgər çalışsalar, mütləq nəticəsini görəcəklər”
, ؘ– Luka Andiaşvili bildirdi.

Luka Andiaşvilidən fərqli olaraq, 5 saylı ictimai məktəbin daha bir şagirdi, Təzəgül Qəribova üçün qazandığı nəticə gözlənilməz olub. Sosial şəbəkədən öyrənib ki, 1 avqust, saat 10:00-da Milli İmtahanlar Mərkəzi gürcü dili və ədəbiyyatının ilkin nəticələrini yayımlayacaq. O, bildirir ki, saat 10:00-da əli əsərək kompüteri qurub, 60 baldan 51 bal topladığını gördükdə emosiyalarını saxlaya bilməyib və ilk sevincini anası ilə bölüşüb.

“Çox həyəcanlı idim. Balı görəndə təəccüblənmişdim. Çünki nisbətən aşağı gözləyirdim – bilmirəm niyə. Ola bilsin, psixoloji olaraq pis nəticəyə hazırlaşmışdım. Anam yanımda idi, hisslərini saxlaya bilmirdim, ucadan qışqırdım da. Çox böyük emosiayalarım var idi. Adrenalin partlayışı deyirlər, bax elə. Gürcü dili və ədəbiyyatı mənim üçün mühüm fəndir. “Pələng dərisi geymiş pəhləvanı” xüsusilə sevirəm və imtahan mövzusu da bu idi. Ola bilsin bəxtim də gətirdi, duam qəbul oldu. Həmişə arzulayırdım bu mövzu düşsün. Məktəbdə də çox hazırlaşırdım, özəl hazırlığa da gedirdim. Hamının, ilk növbədə valideynlərimin dəstəyinin nəticəsidir. Çünki həmişə mənim yanımda olublar. Mən ilk başdan gürcü məktəbində oxumurdum, rus məktəbinə gedirdim, rusdilli bölməyə. Beşinci sinifdə Marneuli 5 saylı ictimai məktəbinə keçdim və düşünürəm ki, düzgün qərar verdim”, – Təzəgül Qəribova bildirir.

Daha bir yüksək bal toplamış şagird Ana Xarşiladzedir. O, Marneuli bələdiyyəsinin Saimerlo kənd ictimai məktəbinin məzunudur. Gürcü dili və ədəbiyyatı imtahanında 60 baldan 55 bal toplayıb. İlk həyəcanını valideynləri və müəllimi ilə bölüşüb. Ana gələcək ixtisas olaraq tibb sahəsini seçib. O, Tbilisi Dövlət Tibb Universitetinin stomatologiya fakültəsində təhsil almaq istəyir.

“Aşağı bal gözləmirdim, çünki bütün il ərzində çalışmışdım. Ancaq belə yüksək qiymət də gözləmirdim (55/60). Mənim uğurumda repetirorum və eləcə də 12 il təhsil aldığım Saimerlo ictimai məktəbi, valideynlərim, yaxınlarım böyük rol oynadı. Onlar daim məni dəstəkləyirdilər və mənə inanırdılar”,
– Ana Xarşiladze bildirdi.

Daha bir təhsil müəssisəsində gürcü dili və ədəbiyyatı imtahanını uğurla veriblər. Marneuli şəhər 2 saylı ictimai məktəbin şagirdlərindən biri 60 baldan 54 bal toplayıb.

Daha iki nəfər Marneulili şagird yüksək bal toplayıb:
  • Davit Baxturidze – 51 bal
  • Elene Baxturidze – 55 bal

Bunlar “Marneuli” radiosuna məlum olan şagirdlərin göstəriciləridir.
"Marneuli" Radiosu
Print