“Kaş imtahan verəndə Pələng dərisi geymiş pəhləvan mövzusu düşəydi” – abituriyentin gerçəkləşən arzusu
Təzəgül Qəribova Marneuli 5 saylı ictimai məktəbin məzunudur. O, vahid milli imtahanlarda yüksək bal toplamış gənclərdən biridir. Gürcü dilini öyrənməyə 11 yaşından başlayıb.

Gürcüdilli məktəbə getməsi ona qismən narahatçılıq yaradıb, ancaq gürcü dili və ədəbiyyatından yüksək bal alıb. Təzəgül 60 baldan 51 bal toplayıb. O, deyir ki, gürcü dili və ədəbiyyatını sevir. Poemalar arasında isə “Pələng dərisi geymiş pəhləvanı” xüsusi qeyd edir.

“Pələng dərisi geymiş pəhləvanı” xüsusilə sevirəm, imtahanın mövzusu da bu idi. Ola bilsin bəxtim də gətirdi, duam qəbul oldu. Həmişə arzulayırdım, bu mövzu düşsün. Məktəbdə də çox hazırlaşırdım, özəl hazırlığa da gedirdim. Hamının, ilk növbədə valideynlərimin dəstəyinin nəticəsidir. Çünki həmişə mənim yanımda olublar. Mən ilk başdan gürcü məktəbində oxumurdum, rus məktəbinə gedirdim, rusdilli bölməyə. Beşinci sinifdə Marneuli 5 saylı ictimai məktəbinə keçdim və düşünürəm ki, düzgün qərar verdim”,
– Təzəgül Qəribova bildirir.

Təzəgül artıq bütün fənlərdə nəticələri bilir. Onun arzusu Tbilisi Dövlət Tibb Universitetində təhsil almaq və neyrocərrah olmaqdır.

"Marneuli" Radiosu
Print